Azərbaycanda “İlin ən yaxşı məşqçisi” adına NAMİZƏDLƏR
2024-cü ilin son ayını, son “akkordlar”ını yaşayırıq. Komanda.az saytı uzun illərdir ki, hər ilin sonunda Azərbaycanın ən yaxşı futbol məşqçisinin adına aydınlıq gətirmək üçün sorğu keçirir. İdman mediası və ictimai-siyasi mətbuatın nüfuzlu qəzetlərinin, saytlarının, telekanalların qatıldığı sorğuda Azərbaycanın ən yaxşı futbol məşqçisi məlum olur. 2024-cü ilin ən yaxşı məşqçisini ənənəvi olaraq, Komanda.az-ın sorğusunda yenə Azərbaycan mətbuatı seçəcək.
İlin məşqçisi olmağa namizədləri seçərkən, onların son bir ildə qazandığı nəticələr əsas götürülür. Komanda.az saytı (əvvəllər “Komanda” qəzeti) 2009-cu ildən Azərbaycanda ilin məşqçisini seçir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 13 dəfə, “Neftçi” klubunun mərhum çalışdırıcısı Böyükağa Hacıyev 1 dəfə ilin (2012-ci il) ən yaxşısı seçilib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən ilin məşqçisi seçilməyib.
Komanda.az 2024-cü ilin ən yaxşı futbol məşqçisi olmağa 5 namizədi təqdim edir.
“İlin ən yaxşı məşqçisi” olmağa namizədlər:
Samir Abasov – “Sumqayıt”/”Neftçi”
“Sumqayıt” ötən mövsümdə məhz Samir Abasovun rəhbərliyi altında iddialı rəqiblərinə başağrı ola bilmişdi. Nəticədə, komanda mövsümün sonunda Premyer Liqanı 4-cü pillədə başa vuraraq, Konfrans Liqasına vəsiqə qazana bildi. Düzdür, “Sumqayıt”ın Konfrans Liqasında çıxısı uğurlu olmadı, komanda iştirak etdiyi ilk mərhələdəcə mübarizəni başa vurdu. Amma istənilən halda, Sumqayıt təmsilçisinə avrokuboklara vəsiqə qazandıran əsas fiqur hazırda “Neftçi”nin “sükanı arxasında” olan Abasov idi.
Qurban Qurbanov – “Qarabağ“
“Qarabağ” ötən mövsüm növbəti dəfə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının çempionu oldu. Həmçinin, komanda ölkə kubokunu da muzeyinə götürdü. “Köhlən atlar” Azərbaycanı avrokuboklarda təmsil etmək missiyasını da davam etdirir. Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb və hazırda bu turnirdə yoluna davam edir.
Kurban Berdıyev – “Turan Tovuz”
Türkmən məşqçinin gəlişindən sonra “Turan Tovuz”un iddiaları da xeyli artdı. Tovuz təmsilçisi yeni mövsümdə iddiasını ortaya qoyur ki, bunda Berdıyev amilinin birbaşa rolu var. “Turan Tovuz” Azərbaycan Premyer Liqasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Berdıyevin yetirmələrinin mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandalardan biri olacağı gözlənilir.
Rəşad Sadıqov – “Zirə”
“Zirə” bu il qatıldığı Konfrans Liqasında uğurlu çıxışı ilə əksəriyyəti təəccübləndirməyi bacardı. Komanda Konfrans Liqasının pley-off mərhələsinə kimi irəliləsə də, burada yolunu Kipr “Omoniya”sı kəsdi. Bunadək isə “qartallar” bir neçə komandanı, xüsusilə də, Xorvatiyanın “Osiyek” klubunu mübarizədən kənarlaşdıra bilmişdi. “Zirə” “Osiyek”i məğlub etməklə, avrokuboklarda Xorvatiya klubunu üstələyən ilk Azərbaycan komandası kimi də adını tarixə yazdırdı. Bütün bu uğurların əsas memarı isə baş məşqçi Rəşad Sadıqovdur. Sadıqovlu “Zirə” həm də, ötən mövsümdə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb. Bundan başqa, komanda ölkə kubokunun finalına kimi irəliləyib, həlledici oyunda “Qarabağ”a uduzub.
Elmar Baxşıyev – “Araz-Naxçıvan”
Ötən mövsümün sonlarına yaxın Premyer Liqanı tərk etməyə namizədlərdən olan “Araz-Naxçıvan” Elmar Baxşıyevin rəhbərliyi altında bu mövsüm uğurlu çıxışı ilə seçilir. Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Baxşıyevin komandası getdikcə növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanacağına olan şübhələri yoxa çıxarır.
Bizi Facebook-da izləyin