Azərbaycanda 2023-cü ilin ən yaxşı futbol məşqçisi adına NAMİZƏDLƏR

Təxminən bir ay sonra 2023-cü il başa çatacaq, yeni ilə qədəm qoyacağıq.

Komanda.az saytı artıq uzun illərdir ki, hər ilin sonuna yaxın Azərbaycanın ən yaxşı futbol məşqçisinin adına aydınlıq gətirmək üçün sorğu keçirir. İdman mediası və ictimai-siyasi mətbuatın nüfuzlu qəzetlərinin, saytlarının, telekanalların qatıldığı sorğuda Azərbaycanın ən yaxşı futbol məşqçisi məlum olur.

2023-ci ilin ən yaxşı məşqçisini Komanda.az-ın sorğusunda yenə Azərbaycan mətbuatı seçəcək. İlin məşqçisi olmağa namizədləri seçərkən, onların son bir ildə qazandığı nəticələr əsas götürülür.

Komanda.az saytı (əvvəllər “Komanda” qəzeti) 2009-cu ildən Azərbaycanda ilin məşqçisini seçir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 12 dəfə, “Neftçi” klubunun mərhum çalışdırıcısı Böyükağa Hacıyev 1 dəfə ilin (2012-ci il) ən yaxşısı seçilib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən ilin məşqçisi seçilməyib.

Komanda.az 2023-cü ilin ən yaxşı futbol məşqçisi olmağa 5 namizədi təqdim edir:

2023-cü ilin “Ən yaxşı məşqçi”si olmağa namizədlər:

Elmar Baxşıyev – “Qəbələ

“Qəbələ” ötən mövsümün sonunda Azərbaycan Premyer Liqasında 4-cü yeri tutmaqla yanaşı, ölkə kubokunun qalibi adını da qazandı. Bu ilin yayında keçirilən həlledici matçda Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda “Neftçi”ni minimal hesabla məğlub etməklə, ölkə kubokunun qalibi adına yiyələndi. “Qəbələ” son mövsümdə qazandığı nəticələrə görə Azərbaycanı Konfrans Liqasında təmsil etmək hüququ qazandı.

Qurban Qurbanov – “Qarabağ

“Qarabağ” ötən mövsümün sonunda növbəti dəfə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının çempionu oldu. Bundan başqa, “köhlən atlar” yenə Azərbaycanı avrokuboklarda təmsil etmək missiyasını uğurla davam etdirir. Qurbanovun komandası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinə yüksəlmək şansı çoxdur və bu, öz əlindədir. Ən pis halda, komanda yoluna Konfrans Liqasının pley-off mərhələsində davam edəcək.

Murad Musayev – “Sabah

Murad Musayevin “sükan arxasına” keçməsindən sonra “Sabah”dakı dəyişikliklər dərhal gözə çarpdı. Baxmayaraq ki, komanda cari mövsümdə hələ ki, istədiyi nəticələri qazana bilmir. Amma “Sabah” Musayevin rəhbərliyi altında ötən mövsümü Azərbaycan Premyer Liqasında ikinci pillədə başa vurmağı bacardı. Komanda tarixində ilk dəfə qatıldığı Konfrans Liqasında da bir mərhələ keçə bildi. “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşmalarda kifayət qədər yaxşı oyun göstərmişdi. Musayevin komandası rəqibinə yalnız penaltilər seriyasında uduzaraq, mübarizəni dayandırmışdı.

Rəşad Sadıqov – “Zirə

“Zirə” ötən mövsümün nəticələrinə görə Premyer Liqada 5-ci yeri tutub, avrokuboklara vəsiqə qazana bilməsə də, komanda yeni mövsümə çox uğurlu start verdi. Təbii ki, bunda baş məşqçi Rəşad Sadıqovun əməyi danılmazdır. Azərbaycan millisinin keçmiş müdafiəçisi ötən mövsümdəki səhvlərdən dərs çıxararaq, komandasını yeni mövsümə daha yaxşı hazırlaya bilib. “Zirə” Premyer Liqada keçirilən 14 turdan sonra 28 xalla ikinci pillədə qərarlaşıb. Sadıqovun komandası lider “Qarabağ”dan yalnız bir xal geri qalır. Bu cür davam edərsə, “Zirə”nin mövsümün sonunda mükafatçılar sırasına düşəcəyinə şübhə yoxdur.

Canni De Byazi – Azərbaycan milli komandası

İtaliyalı mütəxəssis AÇ-2024-ün seçmə mərhələ oyunlarından sonra milli komandadan ayrılsa da, onu ilin məşqçisi olmağa namizədlər siyahısında göstərməyi məqsədəuyğun saydıq. Milli komanda De Byazinin rəhbərliyi altında seçmə mərhələni 7 xalla, 4-cü pillədə başa vurdu. Yığmanın seçmə mərhələ çərçivəsində bu il keçirdiyi oyunlar arasında Bakıda İsveç millisi ilə görüşü xüsusən yaddaqalan oldu. Azərbaycan millisi isveçlilər üzərində 3:0 hesablı qələbə qazandı. Amma səfərdə Belçika yığmasına 0:5 hesablı məğlubiyyət və De Byazinin azərbaycanlı jurnalistlər haqda işlətdiyi xoşagəlməz ifadələr onun milli komandadan gedişini şərtləndirən əsas amillər oldu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button