“Azərbaycan yığmasının iki müdafiəçisi daim yanımda idi” – Ukraynalı hücumçu

Ukrayna millisinin hücumçusu Artyom Dovbik 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 4-cü turunda Azərbaycan yığması üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan “Roma”nın futbolçusu oyunun gözləniləndən xeyli çətin keçdiyini bildirib:

“Milli komandalarla oynayanda asan rəqib olmur. Hamı oyuna köklənir, hamı mübarizə aparır. Biz fasilədən əvvəl qol buraxdıq. Bu, bizi bir qədər silkələdi. Amma əsas odur ki, hər şey bizim qələbəmiz və üç xalımızla yekunlaşdı”.

Onun sözlərinə görə, komanda fasilə zamanı soyuqqanlılığını qoruyub və ikinci hissədə daha aqressiv oynamalı olduğunu anlayıb:

“Meydana istəkli çıxmışdıq. Təzyiq göstərmək, rəqibi yorulmağa məcbur etmək və sürətli oynamaq lazım idi. Beləcə, qol epizodlarımız yarandı. Azərbaycan yığması üç mərkəz müdafiəçisi ilə oynadı. Onlardan ikisi daim mənim yanımda idi. Əlbəttə, bu, asan deyildi. Amma digər tərəfdən, onlar diqqətlərini mənə bu qədər yönəldiblərsə, deməli, başqa oyunçular üçün boşluqlar yaranır. Bu isə yaxşı haldır.”

Dovbik əlavə edib ki, milli komanda növbəti oyunlarda səhv etməməlidir, çünki qrupdakı vəziyyət hələ də gərgindir:

“Qələbə qazanmalıyıq. Hamı indi klubuna qayıdacaq və ümid edirəm ki, heç kim zədələnməyəcək. Noyabr ayındakı oyunlara qədər “döyüş”ə tam hazır olmalıyıq”.

Ukrayna yığması 4 turdan sonra 7 xal toplayıb və D qrupunda 2-ci yerdə qərarlaşıb. Onlar noyabrda Fransa və İslandiya ilə oyunlara çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button