Azərbaycan yığmalarına yeni baş məşqçilər təyin olundu

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilirib.

Komanda.az xəbər verir ki, yığıncaqda 2021/22 mövsümündə Super Liqa, Yüksək Liqa, 1-ci Liqa və ölkə kubokunun yekunu müzakirə olunub.

Bunlarla yanaşı, qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, 5-ci İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

Cavid Qurbanov bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkə idmanı intibah dövrünü yaşayır. Milli komandamızın 9 dəfə Avropa çempionatının final mərhələsində, 4 dəfə dünya çempionatında iştirak etdiyini, klublarımızın Avropa kuboklarındakı uğurlu çıxışlarını xatırladan federasiya prezidenti qarşıya əsas hədəf kimi iştirak ediləcək yarışlarda yüksək nəticə əldə etmək tapşırığı qoyub.

Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq, Azərbaycan çempionatının keçirildiyini də qeyd edən Qurbanov bildirib ki, çempionatda iştirak edən oyunçuların demək olar ki, əksəriyyəti gənclərdir və bu, sevindirici haldır. O, bildirib ki, paytaxtımızda, eləcə də bölgələrdə olan ucaboylu qız və oğlanları voleybola cəlb etmək lazımdır. Buna görədə yanız paytaxtda deyil, rayonlarda məşq edən gənclərlə işləmək lazımdır. Federasiya prezidenti bununla bağlı görüşdə iştirak edən məşqçilərə də tövsiyyələrini verib.

Daha sonra Qurbanov bu gün start götürəcək Avropa çempionatının seçmə oyunlarında mübarizə aparacaq 22 yaşadək oğlan voleybolçularımıza uğurlar arzu edib.

İclasda qadın və kişilərdən ibarət milli komandalara baş məşqçilərin təyininatı rəsmiləşib. İdarə Heyətinin qərarı ilə Eldar Yusubov qadınlardan ibarət milli komandaya, Pərviz Səmədov kişilərdən ibarət milliyə baş məşqçi təyin olunublar.

Daha sonra yeni təyin olunan baş məşqçilər ilk öncə onlara göstərilən böyük etimada görə AVF rəhbərliyinə təşəkkür edib, milli komandalarımızın qarşıdakı yarışlarda uğurlu çıxışı üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.

Qurbanov məşçiləri dinlədikdən sonra bildirib ki, əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etmək və ölkəmizdə voleybolun yenidən inkişafına nail olmaqdır.

Regionlarda voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı tapşırıqlar verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button