Azərbaycan sablyaçılarından və spaqaçısından bürünc medal
Azərbaycanın yeniyetmə oğlan sablyaçıları Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “European Cadet Circuit” turnirində komanda hesabında 3-cü olublar.
Komanda.az xəbər verir ki, püşkatmaya əsasən mübarizəyə ən güclü səkkizlikdən start verən Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Çexiya yığmasını 45:42 hesabı ilə məğlub edib.
Komandamız finalın bir addımlığında turnirin qalibi Almaniya seçmə kollektivinə 40:45 hesabı ilə uduzub.
Yeniyetmə şpaqaçımız Xədicə Həsənli isə Polşanın Krakov şəhərində keçirilən “Cadet Circuit” turnirində 200 iştirakçı arasında 3-cü olaraq gümüş medal qazanıb. Xədicə yarımfinala gedən yolda Estoniya, Böyük Britaniya, Polşa, Ukrayna, Çexiya qılıncoynadanlarına qalib gəlib.
Şpaqaçımız finalın bir addımlığında turnirin qalibi, Ukrayna təmsilçisi Mariya Seredaya 13:15 hesabı ilə uduzub.
Xədicə Həsənli, Aynur Quliyeva, Xatun Bayramova və Nəzrin Mehdiyevadan ibarət yeniyetmə şpaqaçı qızlardan ibarət millimiz komanda yarışında ilk görüşündə Polşa yığmasına 45:37 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Çexiya seçmə kollektivinə 31:45 hesabı ilə məğlub olub.
Abbas Səmədli, Emin Səfərbəyov, Mirxətai Məmmədov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaqaçılarımız isə ilk görüşdə İtaliya yığmasına 38:45 hesabı ilə uduzub.
Məşqçimiz Samirə Hüseynova yeniyetmə oğlan şpaqaçıların yarışında final qarşılaşmasını idarə edib.
Bizi Facebook-da izləyin