Son 17 ilin rekordunun təkrarı
Azərbaycan Premyer Liqasının 10-cu turunda baş tutan 4 oyunda 19 qol vurulub.
Komanda.az xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçında (6:1) yeddi, “Qəbələ” – “Neftçi” oyununda (1:4) beş, “Zirə” – “Keşlə” qarşılaşmasında (3:1) dörd, “Sabah” – “Səbail” görüşündə (2:1) üç qol qeydə alınıb. Ümumilikdə, turun orta məhsuldarlığı 4,75-ə bərabərdir.
Bu, nəinki cari mövsümün rekordu, son 17 ilin ən yüksək göstəricisinin təkrarıdır. 2016/17 mövsümünün 4-cü turunda da indiki kimi 4 oyunda 19 qol vurulub. 2016-cı il sentyabrın 9-11-də keçirilən turda “Qəbələ” “Neftçi”ni 8:0, “Qarabağ” AZAL-ı 6:0, “Keşlə” “Sumqayıt”ı 2:1, “Kəpəz” “Zirə”ni 2:0 hesabı ilə üstələyib.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003-cü il avqustun 2-3-də təsadüf olunub. 2003/04 mövsümünün 12-ci turunun 6 matçında 29 qol vurulub. Orta məhsuldarlıq 4,83-ə bərabər olub. Həmin vaxt “Qarabağ-Azərsun” “Ədliyyə”ni 7:0, “Şəmkir” “Turan”ı 5:1, “Xəzər Universiteti” “Lokomotiv”i 5:0, “Neftçi” Sumqayıt “Xəzər”ini 3:1, “Kəpəz” MOİK-i 1:0 hesabı ilə məğlub edib, “Bakılı” – “Dinamo” matçı 3:3 hesabı ilə başa çatıb.
Bizi Facebook-da izləyin