“Heyətə düşə bilməməyimin səbəbini soruşanda dedilər ki, məşqdə gülürsən” – Müsahibə
Azərbaycan Premyer Liqasında “Zirə”, “Sabah”, “Sumqayıt” və “Səbail”də çıxış edən və hazırda klubsuz qalan 25 yaşlı Elgün Nəbiyevin Komanda.az saytına müsahibəsi:
- Elgün, bir müddətdir klubsuzsan. Nə edirsən? Təkliflər varmı?
- Heç nə. Təəssüf ki, təklif yoxdur. Özüm də bilmirəm ki, nə düşünürəm.
- Yaşın da çox deyil ki, deyək yaşına görə təklif yoxdur. Təklifi qırağa qoyaq, heç maraqlanan da yoxdur?
- Yox, maraqlanan da yoxdur. Premyer Liqada 8 komanda var və demək olar yarısında oynamışam. Yəqin buna görə istəyən yoxdur.
- Futbolçular var ki, bir kluba beş dəfə transfer olunurlar. Bəlkə, səninlə problemləri var?
- Mən problemsiz insanam. Heç bir komandada kimsə deyə bilməz ki, ya intizamsız olmuşam, ya da başqa bir şey. Çox şey demək istəyirəm, ancaq indi vaxtı deyil.
- “Sabah”da elə də pis çıxış etmirdin, hətta, səfərdə “Qarabağ”a da qol vurmağı bacarmışdın. Bu yaşda klubsuz qalmağına səbəb nə ola bilər ki?
- Məni bu vəziyyətə salanlar utansın, deyək. Mən “Sabah”da olduğum müddətdə belə olacağını düşünmürdüm. Amma nə edək? Qismətdir.
- “Sabah”da vəziyyət yaxşı idisə, ayrılmağına səbəb nə idi?
- Boş-boş verilən vədlər.
- “Sabah”dan icarə əsasında “Sumqayıt”a keçmişdin. Hansı klubda verilən vədlərə aldandın?
- “Sabah”dan “Sumqayıt”a keçərkən hər iki tərəfdən verilən vədlər. Kim “Sabah” kimi klubdan çıxmaq istəyər ki?
- “Sumqayıt”a keçəndən sonra da az şans qazandın. Yadımdadır, bir dəfə “Sumqayıt”da sonradan meydana daxil olduğun oyunda ciddi səhv edərək, komandanın məğlub olmasına səbəb olmuşdun. “Kimyaçılar”dan ayrılmağına səbəb kimi bu səhvi düşünürsən?
- Ayrılmağıma yox, oynamağıma təsir etdi. Onsuz da müqaviləmdə var idi ki, 14 oyunun 7-də oynamasam, avtomatik “Sabah”a qayıdırdım.
- “Sabah”a qayıtdın, orda da səninlə müqaviləni pozdular. Yeni baş məşqçi Visente Qomes bəyənməmişdi səni?
- Təkcə məşqçi yox, rəhbərlik də məni istəmədi.
- Bəs son klubun “Səbail”də nə baş verdi? Nə üçün “dənizçilər”də heyətə düşə bilmədin?
- Yəqin baş məşqçinin xoşuna gəlmədim. Orda nə olduğunu başa düşmək olmurdu.
- Nə üçün bu düşüncədəsən? “Səbail”də qeyri-adi nə baş verirdi?
- Heyətə düşə bilməməyimin səbəbini soruşanda dedilər ki, məşqdə gülürsən. Özüm də başa düşə bilmədim ki, bunun oynamaqla nə əlaqəsi var? Məni tanıyan hamı bilir ki, gülərüzəm. Heç vaxt məşqi yola vermirəm, hər zaman nəyim varsa, ortaya qoyuram. Belə götürəndə, Avropada da futbolçular məşqdə gülürlər. Ola bilsin, bu sözümdən sonra deyəcəklər ki, sən Avropada oynamırsan. Ancaq yenə də, məncə, gülməyin oynamaqla bir əlaqəsi yoxdur.
- Bəlkə, başqa məsələlər var imiş?
- Bilmirəm, mənə nə deyiblərsə, onu deyirəm sizə.
- Bəs bundan sonra nə etməyi düşünürsən?
- Hələ istirahət edirəm. Təklif olmasa, yəqin karyeramı bitirəcəm. Çünki başqa variantım yoxdur.
- Bir zamanlar “Sumqayıt”dan ayrılan Nicat Qurbanov da 27 yaşında klubsuz qaldığı üçün karyerasını bitirməyə qərar vermişdi. Lakin sonra Gürcüstanın “Samtredia” klubuna keçdi, indi də “Keşlə”yə qayıdıb. Belə variant düşünmürsən?
- Adamı həvəsdən elə salıblar ki, iyrəndiriblər hər şeydən.
- Səni futboldan iyrəndirən nədir? Problemin qaynağını nədə görürsən?
- Ölkədə komanda azlığı və verilən boş-boş sözlər.
- Premyer Liqada 8 komanda var, düzdür. Bəs divizionda oynamağı düşünmürsən?
- Yox, belə bir düşüncəm yoxdur.
- Belə çıxır ki, Premyer Liqada oynamırsansa, karyeranı bitirməlisən?
- Yox, yenə də deyirəm, sadəcə elə şeylər görürsən ki, adam artıq heç nə istəmir. Adamı hər şeydən soyudurlar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin