Azərbaycan Premyer Liqasının ən bahalı klubları və futbolçuları – Yazı+Fotolar

Azərbaycan Premyer Liqasında yay transfer pəncərəsi dövrünün bitməsinə artıq bir həftə vaxt qalıb.

Komanda.az xəbər verir ki, iyunun 10-da açılan “pəncərə” sentyabrın 1-də bağlanacaq. Azərbaycan Premyer Liqasında çıxış edən 8 klub heyətini yeni futbolçularla gücləndirib. Yeni transferlərdən sonra klubların “transfermarkt” portalındakı dəyərlərində də dəyişiklik olub.

Azərbaycanın ən dəyərli klubu “Qarabağ”dır. Son olaraq Norveçin “Hauqesund” klubundan İbrahima Vadjini heyətinə qatan Ağdam təmsilçisinin dəyəri 12,28 milyon avrodur. “Köhlən atlar”ın ən bahalı futbolçusu 1,2 milyon avro ilə Abdullah Zubirdir. Fransalı yarımmüdafiəçi həm də, Azərbaycan çempionatının ən dəyərli oyunçusudur.

Abdullah Zubir

Son çempion “Neftçi”nin dəyəri 7,78 milyon avrodur. “Ağ-qaralar”ın ən bahalı futbolçusu kapitan Emin Mahmudovdur. Azərbaycan yığmasına da dəvət alan yarımmüdafiəçinin bazar dəyəri 1 milyon avrodur.

Azərbaycan milli komandasının sabiq futbolçusu Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə”nin dəyəri 6,35 milyon avrodur. Qəsəbə təmsilçisinin ən bahalı oyunçuları Loris Broqno, Georgi Stoilov və Davit Volkovdur. Hər üç oyunçunun qiyməti 500 min avrodur.

Heyətini bir neçə xarici futbolçu ilə gücləndirən “Sabah”ın dəyəri 5,85 milyon avrodur. Masazır təmsilçisi heyətinin dəyərinə görə Premyer Liqa klubları arasında 4-cü pillədə qərarlaşıb. Klubun heyətində ən bahalı futbolçu bu mövsüm transfer edilən Xuan Kamaradır. Bir vaxtlar “Barselona”da da çıxış etmiş yarımmüdafiəçinin qiyməti 600 min avrodur.

Xuan Kamara

Çempionatda yeni mövsümə ardıcıl iki qələbə ilə başlayan və lider olan “Sumqayıt”ın dəyəri 5,18 milyon avrodur. “Kimyaçılar”ın ən dəyərli futbolçusu 550 min avro qiymətlə Rəhim Sadıxovdur.

“Keşlə”nin dəyəri 4,64 milyon avrodur. Paytaxt təmsilçisinin ən bahalı futbolçusu “Neftçi”dən icarəyə götürülən Rəhman Hacıyevdir (400 min avro).

“Səbail”in heyətinin dəyəri 3,35 milyon avrodur. “Dənizçilər”də Adil Nağıyev və Turan Manafov ən bahalı futbolçulardır. Azərbaycanlı oyunçuların qiymətləri 300 min avro göstərilib.

Premyer Liqada heyətinin dəyəri ən aşağı olan komanda “Qəbələ”dir. Əyalət təmsilçisinin heyətinin ümumi dəyəri 3,05 milyon avrodur. “Qəbələ”nin ən bahalı futbolçusu Rafael Utriqdir. Braziliyalı oyunçunun qiyməti 400 min avrodur.

Rafael Utriq

Azərbaycanın Premyer Liqa klublarının heyətlərinin dəyəri

  1. “Qarabağ” – 12,28 milyon avro
  2. “Neftçi” – 7,78
  3. “Zirə” – 6,35
  4. “Sabah” – 5,85
  5. “Sumqayıt” – 5,18
  6. “Keşlə” – 4,64
  7. “Səbail” – 3,35
  8. “Qəbələ” 3,05

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button