Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu
Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib.
Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, baş tutan 180 matçda orta göstərici 1 453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub – 2 007.
Bu rəqəm 2018/19 mövsümündə 1 015, 2019/2020 mövsümündə 1 007, 2021/22 mövsümündə 794-ə bərabər olubsa, 2020/21 mövsümü tamaşaçılarsız keçirilib.
Ən çox seyrçi 14-cü turun “Sabah” – “Qarabağ” görüşündə (0:0) qeydə alınıb – 10 000. Üç qarşılaşmada 7 000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun “Neftçi” – “Qarabağ” (0:4 və 2:4), 30-cu turun “Sabah” – “Qarabağ” (2:1) duelləridir. “Beşlik”də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” oyununu (0:2) 5 800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.
Klublar arasında lider “Turan Tovuz”dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. Çempionatda 2-ci olan “Sabah” və 3-cü yeri tutan “Neftçi” tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. “Qarabağ” isə 5-ci sıradadır.
yer | komanda | tamaşaçı | oyun | orta |
1 | Turan Tovuz | 63300 | 18 | 3517 |
2 | Sabah | 41650 | 18 | 2314 |
3 | Neftçi | 35350 | 18 | 1964 |
4 | Şamaxı | 23740 | 18 | 1319 |
5 | Qarabağ | 22543 | 18 | 1252 |
6 | Sumqayıt | 21376 | 18 | 1188 |
7 | Kəpəz | 18476 | 18 | 1026 |
8 | Səbail | 13420 | 18 | 746 |
9 | Qəbələ | 13159 | 18 | 731 |
10 | Zirə | 8550 | 18 | 475 |
Cəmi |
Bizi Facebook-da izləyin