“Zamanla “Neftçi”nin ilk üçlükdə olacağına əminəm” – SORĞU
Azərbaycan Premyer Liqasında artıq 5 tur geridə qalıb. Keçirilən oyunlarda nəticələri ilə hər kəsi yaxşı və pis mənada təəccübləndirən komandalar oldu.
Premyer Liqada geridə qalan beş turla bağlı biz də idman mediasında çalışan bəzi jurnalist həmkarlarımızın fikirlərini öyrəndik:
Vüsal Mahmudov (Futbolinfo.az)
“Beş tura əsasən fikir söyləmək hələlik çətindir. Bu beş tur mənim fikrimcə, çempionata uyğunlaşmaq baxımından önəmli dövr idi. Komandaların bundan sonra nə edəcəkləri daha maraqlıdır. Komandalara bu beş turdan sonra qiymət vermək daha rahat olacaq. Bu beş turu çempionata “isinmə” dövrü adlandırmaq olar.
Hamını təəccübləndirən əsas komandalar “Turan Tovuz” və “Neftçi” oldu. Biri uğuru, biri uğursuzluğu ilə. Amma zamanla “Neftçi”nin ilk üçlükdə olacağına əminəm. “Turan Tovuz” isə yəqin ki, mövsüm sonunda avrokuboklar uğrunda mübarizə aparacaq”.
Əli Sahib (Fanat.az)
“Keçirilən oyunlarda gözləmədiyim nəticələr çox oldu, ancaq məncə, çempionatın başlanğıcı maraqlı oldu. Mübarizənin bundan sonra amansız keçəcəyini düşünürəm. Məni çoxu kimi beş tura əsasən yaxşı mənada təəccübləndirən “Turan Tovuz”dur. Bu nəticəni gözləmirdim. Buna görə də, çempionatın qalan hissəsinin maraqlı və gərgin keçəcəyinə inanıram. “Turan Tovuz” çempionatda öz işini göstərərək, “mən də varam!” deməyi bacardı. Adətən belə müvəqqəti uğurların şahidi olmuşuq. Bunlardan “Rəvan” klubunu xatırlayıram ki, sürpriz nəticələr göstərmişdi. Lakin bu günə kimi çempionatımızda rəqabətsizlik hökm sürürdü. Buna görə də, bu uğurun müvəqqəti olmamağını arzu edirəm. “Turan Tovuz”un oyununa baxdıqda isə bunun sürpriz yox, məşqçi işi olduğu hiss olunur. Mənim fikrimcə, bu nəticəyə “sürpriz” demək qərb təmsilçisinə haqsızlıq olar.
Pis mənada təəccübləndirən klublar arasında “Neftçi” və “Kəpəz”in adını çəkə bilərəm. “Kəpəz” ötən mövsümdə Premyer Liqada çətinliklə qala bildi. Buna görə də, rəhbərlik bu mövsüm nəsə etməli idi, lakin çempionat başlayan kimi baş məşqçinin göndərilməyi vəziyyətdən çıxış yolu deyildi. Hazırda kluba yeni təyin olunan Azər Bağırov da özünü sübut etmiş məşqçidir. Amma rəhbərlik nəsə etməli və məşqçilərə dəstək olmalıdır. Düşünürdüm ki, ötən mövsüm “Kəpəz” üçün dərs oldu, amma “köhnə hamam, köhnə tas”…
“Neftçi”yə gəldikdə isə, klub rəhbərliyi komandanı, azarkeşlərlə münasibətini düzəltməyə, nəticələri yaxşılaşdırmağa çalışır. Lakin “qara zolaq” deyək, yoxsa nə deyək, bilmirəm. Bu, rəhbərliyin problemidir, təcili çıxış yolu tapmalıdır. Komandanın yaxşı məşqçisi və yaxşı futbolçuları var. Problem nədirsə, buna həll tapılmalıdır. Belə bir heyət, futbolu bilən kollektiv, yaxşı məşqçi… Bu baxımdan “Neftçi” pis mənada məni təəccübləndirir”.
Saleh Arslan (Korner.az)
“İlk beş turun nəticələri bu mövsüm də medallar uğrunda hansı komandaların mübarizə aparacaqlarını aşağı-yuxarı göstərdi. Çempionluq yolunda “Qarabağ”a yenə heç bir klubun badalaq vura biləcəyini düşünmürəm. Qısası, bu mövsümün sonu mənim üçün yalnız digər medalçıların adlarını öyrənmək baxımından maraqlı olacaq.
Yaxşı mənada təəccübləndirən komanda, şübhəsiz, “Turan Tovuz”dur. Komandanın oyununda məşqçi işi görünür. Mövsümün praqmatik oyunla olsa belə, xal ehtiyatını mümkün qədər artırmaq planı hələ ki, baş tutub. Ancaq unutmayaq ki, əvvəlki illərdə də mövsümə bu cür parlaq nəticələrlə başlayıb sonradan enişə keçən nümunələr bəs qədərdir. Ona görə də, bundan sonra komandanın gücünü mövsüm üzrə bərabər paylaşdıra bilib-bilməyəcəyindən çox şey asılı olacaq.
Mənfi mənada təəccübləndirən komanda isə şübhəsiz, “Neftçi”dir. “Ağ-qaralar”ın qarşısına hansı hədəfin qoyulduğunu bilmirəm, amma rəhbərliyin hədəfinin nə olduğunu heyətdə hər il aparılan “doldur-boşalt” əməliyyatlarından anlamaq çətin deyil. Ancaq öz aramızdır, futbolçularından fərqli olaraq, klubun funksionerləri pis “oynamırlar”.
Anar Xanlarov (Rekord.az)
“Xüsusi təəssürat yaradacaq bir məqam hələ ki, yoxdur. İlk baxışda “Turan Tovuz”un vahid liderliyi diqqət çəkir, amma unutmayaq ki, ötən mövsüm “Zirə” də bir müddət vahid lider idi, amma sonda “Qarabağ” yenə fərq yaradaraq çempion oldu. “Neftçi” düzəlmək bilmir, “Kəpəz” göz görə-görə uçurumun dibinə enir, “Sabah”, “Zirə” və “Sumqayıt” qeyri-sabit oynayır. Qısası, normal, alışdığımız tərzdə çempionat izləyirik. Təəssüf ki, əksər oyunlarda stadionlar yenə boş olur. Pis mənada təbii ki, təəccübləndirən komanda “Neftçi”dir. Ona görə yox ki, bu komandanın bütün oyunlarını udacağını gözləyirdim. Yox, bu cür bərbad idarəçiliklə çempionluq xəyal kimi görünür. Amma ilk beş turda komandanın qələbə qazana bilməməsi… Bu qədərini də gözləmirdim.
Yaxşı mənada təəccübləndirən komanda kimi “Şamaxı”nı qeyd edərdim. Ayxan Abbasovun bacarığına bələdik, söz yox ki, onun “Şamaxı”da da döyüşkən komanda formalaşdıracağına inanırdım. Amma bunu bu cür qısa zamanda edəcəyi yaxşı mənada təəccübləndirir. Komanda keçirdiyi dörd oyunda “Sabah”, “Zirə”, “Neftçi” kimi komandalardan 5 xal almağı bacarıb. Yalnız “Araz Naxçıvan”a məğlub olublar ki, həmin oyunda da böyük üstünlükləri olub. Onu da nəzərə alaq ki, “Şamaxı” dörd oyundan üçünü səfərdə keçirib”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin