Azərbaycan Premyer Liqasında 2 rekord
Azərbaycan Premyer Liqasının 6-cı turunda iki rekord qeydə alınıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün ərzində keçirilən 5 oyunu ümumilikdə 10950 tamaşaçı izləyib.
Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi 4-cü tura təsadüf edib.
Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4500, “Turan Tovuz” – “Qəbələ” görüşünü 4000 nəfər izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) oyunlarında ümumilikdə 2450 tamaşaçı olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. 4-cü turun Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşmasında 4300 seyrçi olub.
Ümumilikdə 6 turun 29 matçını 42381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.
Bizi Facebook-da izləyin