SORĞU: “Məncə, “Qarabağ” və “Neftçi”nin transferləri hələ qabaqdadır”

Azərbaycanın Premyer Liqa klubları yeni mövsümə hazırlıqlarını davam etdirir.

“Neftçi” Azərbaycanı Çempionlar Liqasında, “Qarabağ”, “Keşlə” və “Sumqayıt” isə Avropa Konfrans Liqasında təmsil edir. Bununla yanaşı, avrokuboklardan kənarda qalan komandalar da Premyer Liqada yeni mövsümə hazırlıqlarını davam etdirir.

Transfer pəncərəsi dövründə ən az transfer edən “Qarabağ”dır. Ağdam təmsilçisi buna qədər cəmi iki futbolçunu heyətinə qatıb. “Köhlən atlar” yarımmüdafiəçi Kadi Malinovski və hücumçu Ramil Şeydayevlə müqavilə imzalayıb. Transfer dövrünün fəal komandalarından olan “Sabah” son olaraq iki legionerlə güclənib. Bakı təmsilçisi sabiq “Barselona”lı Xuan Kamara və almaniyalı Con-Lans Mikelsi heyətinə qatıb.

Klubların transfer siyasəti, bu ana qədər edilmiş ən yaxşı transferlərlə bağlı futbol menecerləri Vaqif Heydərli və Tural Əsgərovla əlaqə saxladıq. Menecerlər Komanda.az-a açıqlamalarında, klubların transfer siyasətlərində ciddi bir dəyişiklik olmadığını dedilər:

Vaqif Heydərli: “Hamı “Neftçi” və “Qarabağ”dan daha çox transfer gözləyirdi. Ancaq hələ o gözlənilən transferlər olmayıb. Həm kəmiyyət, həm də keyfiyyət baxımından gözlənilən transferlər yoxdur. “Keşlə” iki-üç futbolçu transfer etdi, “Sumqayıt” isə həmişəki kimi, yerli futbolçularla razılaşdı. Bu transferləri də onlar üçün normal saymaq olar. Məncə, “Qarabağ” və “Neftçi”nin transferləri hələ qabaqdadır. Düşünürəm ki, qısa müddət ərzində hansısa transferi fərqləndirmək peşəkar yanaşma olmaz. Azərbaycan elə bir spesifik futbol ölkəsidir ki, bura ulduz futbolçu gəlib, zəif çıxış edə bilər və yaxud zəif futbolçu gəlib, daha çox xeyir verə bilər”.

Tural Əsgərov: “Klublarımızın transfer siyasətində dəyişiklik yoxdur. İşlər həmişəki kimi davam edir. Son bir-iki ildə büdcələrdə də elə də fərq yoxdur. Güman ki, əsas transferlər bundan sonra olacaq. Hələ diqqət çəkən transfer olmayıb. Xüsusilə də, söhbət legioner transferindən gedirsə, hələ belə biri yoxdur”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button