Ramil Şeydayev “Sabah”da: “Azərbaycanda bir komandaya keçəcəkdimsə…”
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Sabah”a keçidini təsdiqləyib.
Komanda.az xəbər verir ki, bu barədə 23 yaşlı hücumçu müsahibəsində qeyd edib:
“Uzun vaxt idi oynamırdım. Mənim böyük iddialarım və “Sabah”dan gözləntilərim var. Azərbaycanda bir komandaya keçəcəkdimsə, bu, yalnız “Sabah” ola bilərdi. Klub rəhbərliyi ilə uzun müddətdir danışıram və onlara söz vermişdim ki, Azərbaycana qayıtsam, yalnız “Sabah”ı seçəcəyəm. Klubun layihələri ilə yaxşı tanışam. Deyə bilmərəm ki, bu mövsüm bütün oyunlarını izləmişəm. Amma baxmışam. Hiss edirəm ki, “Sabah”a kömək edə bilərəm. Kimsə əsas heyətdə oynayacağıma təminat verə bilməz. Mütləq öz üzərimdə işləməli və nəyə qadir olduğumu göstərməliyəm”. (1news.az)
Şeydayev “Sabah”la yanaşı, başqa klublardan da təklif olduğunu bildirib:
“Təkliflər var idi. Bir tərəfdən bəzi klublara keçidim alınmadı. Digər tərəfdən bəzi yerlərə özüm getmək istəmədim. “Dinamo”dakı karyerama gəlincə, indi bunu şərh etmək istəməzdim. Fikrimcə, 2019-cu ili pis keçirmədim. Bəzən alındı, bəzən isə yox. Amma hər şey Allahdan asılıdır. Deməli, qismət belə imiş”.
Bununla belə, Şeydayev bildirib ki, yayda xaricdə özünə yeni klub tapmaq fikrindədir:
“Hər şey bu mərhələni necə keçirəcəyimdən asılıdır. Amma Azərbaycanda çox qalmaq istəmirəm”.
Şeydayev “Sabah”a azad agent kimi keçib. Klubun tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir.
Bizi Facebook-da izləyin