Azərbaycan millisinin dünya kuboku üçün heyəti açıqlandı
Martın 31-də Bakıda start götürəcək kişi və qadınlar arasında idman gimnastikası üzrə dünya kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Komanda.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, dörd gün davam edəcək yarışda 7 idmançı mübarizə aparacaq.
Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa) və Nikita Simovov (halqa) kişilərin, Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) və Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) qadınların yarışına qatılacaq.
Azərbaycanın gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. İlk iki yarış günündə təsnifat, sonrakı iki gün final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Biletlərin qiymətləri təsnifat yarışları üçün 7 manat, final mərhələlərinə isə 12 manatdır.
Dünya kuboku Milli Gimnastika Arenasında keçiriləcək.
Bizi Facebook-da izləyin