Azərbaycan millisi seçmə mərhələnin ən zəifləri sırasında
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinə yekun vuruldu.
Komanda.az xəbər verir ki, UEFA qrup oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Yer aldığı A qrupunda 1 xalla sonuncu olan Azərbaycan millisi əksər göstəricilərdə ən zəiflər sırasındadır. Belə ki, millimiz seçmə mərhələdə qələbə üzünə həsrət qalan 6 komandadan biridir. Yarışı qələbəsiz başa vuran digər komandalar Qazaxıstan, San Marino, Cəbəllütariq, Moldova və Lixtenşteyndir.
5 komandalı qruplarda ən çox məğlubiyyətlə üzləşən üç komanda var ki, biri də Canni de Byazinin kollektividir. Yığmamız Belarus və Litva ilə yanaşı, keçirdiyi 8 matçın 7-də uduzub. 55 yığmadan yalnız Cəbəllütariq və San Marino matçının hamısında yenilgiyə uğramaqla diqqət çəkib. Azərbaycan, Moldova və Lixtenşteyn isə aktivinə 1 xal yazdırmağı bacarıb.
Seçmə mərhələni 5 qolla tamamlayan yığmamız ən məhsuldar 50-ci komandadır. Futbolçularımız yalnız San Marino (1 qol), Lixtenşteyn (2), Litva (4), Kipr (4) və Cəbəllütariqi (4) qabaqlamaqla öyünə bilər. Qabaqladığımız komandalardan təkcə Litva bizim kimi 8 oyun keçirib.
Çərçivəyə dəqiq zərbə sayında da ən zəiflərdənik – 17 dəfə. Sadəcə, San Marino (8), Lixtenşteyn (9) və Cəbəllütariq (10) bizdən az qol imkanı yaradıb.
Komandamız 8 oyunda ümumilikdə 20 dəfə korner yerinə yetirib.
Bu baxımdan isə Cəbəllütariq (9), Lixtenşteyn (9), Qazaxıstan (13), San Marino (17), Malta (18) və Belarusu (18) qabaqlayırıq.
Bizi Facebook-da izləyin