Azərbaycan millisi Lüksemburqda xüsusi polis patrulu ilə qorunur
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacağı “Jozi Bartel” stadionunda və onun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Komanda.az xəbər verir ki, millimiz gecə-gündüz müşayiət olunur.
Komandamızın qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib. Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.
Xatırladaq ki, 2018/19 mövsümündə Avropa Liqasının qrup mərhələsinin “Düdelanj” – “Qarabağ” oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi. Millimizin Lüksemburqda xüsusi qorunması da məhz həmin təxribatla əlaqədardır.
Noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
Bizi Facebook-da izləyin