“Mənə klubda işləməyə imkan vermirlərsə, kimdir məni milliyə götürən?” – Müsahibə
Azərbaycan Futbol İctimaiyyətinin AFFA Həmkarlar İttifaqının sədri, Azərbaycan milli komandasının keçmiş futbolçusu və baş məşqçisi Nazim Süleymanovun Komanda.az saytına müsahibəsi:
- Nazim bəy, Azərbaycan Futbol İctimaiyyətinin AFFA Həmkarlar İttifaqının fəaliyyəti nə yerdədir, işləriniz necə gedir?
- Plan üzrə işləyirik. Yerli təşkilatlar da yaradıldı. İmişlidə, Şirvanda, Masallıda, Lənkəranda və sonuncu dəfə də Sumqayıtda. Bizim də yəqin sabah yox, birisigün yığıncağımız olacaq.
- AFFA ilə arada olan problemlər həll edildimi və üzvlük üçün etdiyiniz müraciətə cavab verildimi?
- Biz Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hərəkət edirik. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı fərmana söykənərək, fəaliyyətimizi göstəririk. Həmkarlar Təşkilatı qeyri-siyasidir və hər bir sahədə mütləq olmalıdır. AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub yazdıq və Elxan Məmmədov da cavab yazdı. O, cavabında bunları bildirib: “Nəzərinizə çatdırım ki, assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatı olan AFFA-ya üzvlük Azərbaycan Respublikasının qanunvericiliyi və AFFA-nın nizamnaməsi əsasında həyata keçirilir. Bunun üçün verilən hər bir müraciət yazılı şəkildə AFFA-nın baş katibi Elxan Məmmədova təqdim olunmalıdır. Təqdim olunan sənədlərin hüququ əsasları yoxlandıqdan sonra hansısa çatışmazlıq olmazsa, məsələnin İcraiyyə Komitəsində müzakirə olunması barədə qərar qəbul edilir”. Bizim də ilin sonunda iclasımız olacaq. Yığıncaqda da bu haqda danışacağıq və planlarımızı müzakirə edəcəyik. Çalışacağıq ki, yenə müraciət edək. Biz aiddiyatı olan qurumlarla işləyirik. Çalışırıq ki, hər şey qaydasında olsun. Gələcəkdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə də müraciət edəcəyik. İnanıram ki, hər şey müsbət yöndə həll olunacaq.
- Azərbaycan milli komandasında baş məşqçi postu boş qalıb. Sizcə, baş məşqçi seçimi necə olmalıdır?
- Seçim deyəndə ki, burda nəsə Amerika kəşf etməyə ehtiyac yoxdur. Biz nə dünya, nə də Avropa çempionatına gedirik. Bir faiz belə, getməyə imkanımız çatırmı? Çatmırsa, nəyə lazımdır artıq vəsait xərcləyək, xaricdən məşqçi gətirək? Bu gün bu lazımdırmı? Gələn nəyisə həll edirmi? Söhbət bundan gedir. Xarici məşqçilərin hansısa cəhəti üstün ola bilər, amma biz gələcəyi düşünməliyik. Niyə pulları səpələməliyik? Ev tikmək istəyiriksə, niyə fundamentini bərkitmirik? Damı tikib, deyirik ki, baxın, ev tikdik. Xarici məşqçinin gəlməyi nə verəcək axı? Vermirsə, gəlməyinə ehtiyac varmı? Azərbaycanda o qədər məşqçilər var ki, birini qoysunlar, başını aşağı salıb işləsin. Bizə lazım olan vəsaiti yaxşı yöndə sərf etmək lazımdır, Azərbaycan futboluna, Bakı çempionatına yox.
- Baş məşqçi postuna yenidən Robert Prosineçkinin gətiriləcəyi iddia olunur.
- Fikirləşirsiz ki, Prosineçki gələcək? Qərarı verənlər var, biz onsuz da öz fikrimizi deyirik. Bizim fikrimizi bəyənirlər, bəyənmirlər, özləri bilər. Ancaq mən fikrimi deyim: Azərbaycan millisinə xarici məşqçi lazım deyil!
- Sizə təklif gəlsə, qəbul edərsiz?
- Orda hər bir azərbaycanlı məşqçi işləyə bilər və sadəcə ona inanıb, imkan yaratmaq lazımdır. Milli komanda Prosineçki, Foqts, Yurçeviç işləyəndə onların idi? Milli bizimdir, sadəcə onlar gedən yolu biz düz getməliyik. Milyonları onlara – xarici məşqçilərə yox, Azərbaycan futboluna xərcləmək lazımdır.
- Konkret olaraq, Azərbaycan millisində işləməyi qəbul edərsiz?
- Millidə işləmək qürurvericir, kim istəməz ki? Bu, futbolda qazanılacaq ən böyük rütbələrdəndir. Ancaq millidən nəticə gözləmək düzgün deyil.
- Bunu təklifə “hə” deyirsiz kimi qəbul edək?
- Mənə klubda işləməyə imkan vermirlərsə, kimdir məni milliyə götürən? Mənə klublarda imkan verilməyibsə, niyə deyim ki, indi yığmada işləyərəm? Xeyr, əsla, bu rəhbərliklə işləmərəm.
- Rəhbərlik dəyişsə, işləyərsiz?
- Rəhbərlik dəyişəndən sonra təklif olsa, niyə də yox? Çünki onda artıq başqa fikirlər olacaq. Azərbaycan futbolunu fikirləşmək lazımdır, Bakı çempionatını yox.
- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamasında, yeni mövsümdə Premyer Liqaya “Kəpəz” və “Turan Tovuz”un gələcəyini deyib…
- Neçə illərdir deyilir ki, gələcək, gələcək. Ancaq deyəsən, onları “tamojnu”dan buraxmırlar.
- Birinci divizionda mövsüm bitməmiş artıq elitaya yüksələcək klubların bilinməsi düzgündürmü?
- Şahin, Allaha şükür, Azərbaycanda yaşayırsan, başqa dövlətdə yaşasaydın, deyərdim hə. Amma indi burdasan və gedişatı görürsən. Birinci diviziondakı komandalara fərqi yoxdur, 1-ci yer, 8-ci yer. Kimi istəsələr, buraxacaqlar. Bu haqda danışmağa dəyməz. Bunların sistemləri, nizam-intizamı yoxdursa, nizamnamələri həyata keçirmirlərsə, burda necə olacaq? Necə olur, birinci yeri tutan komanda neçə ildir Premyer Liqaya çıxa bilmir? Kamal Quliyev “Neftçala” ilə çempion oldu üç il, amma elitaya çıxa bilmədi. Bunlar nə deməkdir? Çempionatın yarısı qurtarıb, yarısı qalıb, indidən deyirlər kim çıxacaq. O birilər onda oynamasın, getsinlər istirahət etsinlər. Bir də iyun-iyulda yığılıb, hazırlaşsınlar. İndi oynayıb, neynəyəcəklər? Ona görə də, sən başqa dövlətdə yaşasaydın, bunları xırdalıyardım. Amma indi burdasan və bilirsən.
- Nazim bəy, əvvəllər “Neftçi”də baş məşqçi kimi çalışmısız. Sizcə, komandanın kubokda “Sumqayıt”ı keçə bilməməsinin səbəbi nədir?
- Nə olsun “Neftçi”dir, onların oyununa baxıb, “Sumqayıt”ın oyununu aşağılamayaq. “Sumqayıt” həmin gün yaxşı olduğunu sübut etdi və ona görə də, yaxşı komandadır. “Neftçi”də əvvəlcə içəridə gedən prosesləri öyrənmək lazımdır, özləri yaxşı bilir. Roberto Bordin “Neftçi”də neynədi? Nə komanda yaratdı? Kollektivlərdə çox şeylər olur: rəhbərliklə futbolçu, rəhbərliklə məşqçi, məşqçi ilə futbolçu arasında. Bunlar düz qurulmayanda problemlər çıxır. Oxuyuram ki, “Neftçi”nin futbolçuları deyir məşqçini istəmirik. Bu, hansı etik normaya sığışır? Məşqçidir, gəlib öz işini görür və buna rəhbərlik baxır. Futbolçularla məşqçilər arasında problemlər ola bilər, amma bu, kənara çıxmamalıdır. Peşəkarlıq belə şeylərdir.
- Bordinin 5 müdafiəçi ilə oynaması çox tənqid olunur. Siz necə düşünürsüz?
- Bu, məşqçinin seçdiyi sxemdir və özü cavab verməlidir. Hərə öz fikrini deyə bilər. Burda problemləri özləri həll etməlidirlər. Buna görə də, “Neftçi” deyiriksə, dərindən fikirləşəndə, maddi baxımdan, futbolçu keyfiyyəti baxımından “Sumqayıt”dan üstündür. Amma yaşıl meydanda komanda özünü göstərməlidir. “Neftçi” problemini öz içərisində axtarmalıdır. Elə bilirsən, biz danışırıq bunları, onlar öz problemini bilmir? Deyir, ayının min oyunu bir armudun başındadır.
- Komandanı qura bilməməkdə günahkar kimdir?
- Qura bilməyiblərsə, deməli, neynəməlidirlər? Getməlidilər də, qardaş. Futbolçu zəif oynayanda, kollektivə uyğunlaşmayanda neynirsən? Göndərirsən, gedir də. Bordin və rəhbərlik neynəməlidir? “Veşlər”ini götürüb, getməlidir də.
- “Səbail”də də vəziyyət ürəkaçan deyil.
- Vallah, tam bilmirəm məsələni. “Səbail” ötən il yaxşı idi, Avroliqaya vəsiqə qazandı, amma indi eniş yaşayır. Yəqin Azərbaycan futboludur da, ona görə. Problemin qaynağını bilmək üçün içəridə olmalısan. Əvvəl “Səbail”ə sponsor kömək edir, oynayır, sponsor çəkilir, pis vəziyyətə düşürsə, bu, nədir? Peşəkar klub belə olmur. Bunlar sadəcə çempionatı keçirmək üçün var. Biri var peşəkar klub, biri də var adi komanda. Peşəkar klublar tam başqadır. Görürsüz yəqin necə olur. Azərbaycanda peşəkar klubları barmaqla saysan, bir dənə, iki dənə olar, ya olmaz.
Sonda Komanda.az-a uğurlar arzu edirəm, sizin vasitənizlə Azərbaycan futbolsevərlərini və azərbaycanlıları qarşıdan gələn bayram münasibətiylə təbrik edirəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin