“Tam səmimi deyim, ondan bu cür, Messisayağı qol gözləmirdim” – Yurçeviç
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç İTV-də yayımlanan “Bol İdman” verilişinin qonağı olub.
Komanda.az xəbər verir ki, xorvat mütəxəssis, milli komandanın AÇ-2020-nin seçmə mərhələsində Uels (1:2) və Xorvatiya (1:1) ilə keçirilən oyunları haqda danışıb. Yurçeviç, “Sabah”ın futbolçusu Təmkin Xəlilzadənin hər iki oyunda çıxışını müsbət dəyərləndirib. O, 26 yaşlı oyunçunun Xorvatiya millisinin qapısına vurduğu qolla bağlı bunları deyib:
“Təmkinin belə qol vuracağını gözləmirdim. Uelslə oyunda da sonradan meydana daxil oldu və çox fəal görünürdü. Xorvatiya ilə matçda da onu meydana buraxanda, sanki içimdə pozitiv bir hiss var idi ki, nə isə olacaq. Lakin tam səmimi deyim, ondan bu cür, Messisayağı qol gözləmirdim”.
Yurçeviç, Bəhlul Mustafazadənin çıxışından da razı qaldığını deyib:
“Bəhluldan söz düşmüşkən, deməliyəm ki, onun göstərdiyi oyundan çox razıyam. İlk dəfə milli komandada oynayırdı. Qarşısında kimlər var idi? “Real”ın, “Barselona”nın və başqa böyük klubların oyunçuları var idi ki, onlara qarşı doğrudan da, mükəmməl oyun sərgilədi. Düşünürəm və ümid edirəm ki, Bəhlul bu yanaşma, bu zəkayla böyük karyera quracaq. Bir daha vurğulayım, o, ilk oyunları olmasına baxmayaraq, mükəmməl çıxış etdi”.
Bizi Facebook-da izləyin