Hara gəlirsən, Ay baba? – Yazı+foto
Azərbaycan milli komandasında baş məşqçi Canni De Byazi ilə yolların ayrılacağı və onun yerinə türkiyəli mütəxəssis Samet Aybabanın bu posta təyin olunacağı iddia edilir.
Türkiyə mətbuatı artıq tərəflər arasında razılıq əldə olunduğunu və yaxın zamanda rəsmi müqavilənin imzalanacağını yazır.
Bəs adı Azərbaycan yığmasıyla hallanan Aybaba kimdir?
Futbolçu karyerası ərzində “İskenderunspor” və “Beşiktaş”da çıxış edən 1956-cı il doğumlu (65 yaş) Aybaba müdafiəçi olub. O, Türkiyənin U-19 və U-21 yığmalarında çıxış edib. 1988-ci ildə karyerasını bitirən Samet Aybaba ilk məşqçilik fəaliyyətinə 1993-cü ildə “Kayserispor”da başlayıb.
Müxtəlif vaxtlarda “Adana Dəmirspor”, “Ankaragücü”, “Vanspor”, “Qaziantep”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Əskişəhərspor”, “Sivasspor”, “Bursaspor”, “Beşiktaş” kimi klublarda baş məşqçilik edən Aybaba 2021-ci ilin avqustundan işsizdir.
Aybaba məşqçilik karyerasının ən uğurlu dönəmini “Gənclərbirliyi”, “Trabzonspor”, “Beşiktaş” və “Adana Dəmirspor”da yaşayıb.
2012-ci ilin avqustunda “Beşiktaş”a baş məşqçi təyin olunan 66 yaşlı mütəxəssis, İstanbul təmsilçisini 38 oyuna çıxarıb. “Beşiktaş” bu matçlarda 19 qələbə qazanıb, 9 dəfə məğlub olub. Rəqib qapılarına 71 qol vuran “qara qartallar”, qapısında 55 top görüb. “Beşiktaş”ı 4-2-3-1 sistemi ilə oynadan Aybabanın komandası mövsümün sonunda Super Liqanı 3-cü sırada bitirib. Həmin mövsümün sonunda türk mütəxəssislə yollar ayrılıb.
Samet Aybaba ötən mövsüm “Adana Dəmirspor”la Türkiyə 1-ci liqasında çempionluq yaşayıb. 2021-ci ilin fevralında Adana təmsilçisinə baş məşqçi təyin olunan mütəxəssis komandanı 14 oyuna çıxarıb ki, bu matçlarda cəmi bir dəfə məğlubiyyətlə üzləşib. “Adana Dəmirspor” qalan oyunların 10-da qələbə qazanıb, 3-də isə heç-heçə edib. Aybaba komandanı 4-1-4-1 sistemiylə oynadıb. Birinci liqa çempionu onun rəhbərlik etdiyi 14 oyunda 28 qol vurub, 7 top buraxıb.
Samet Aybaba məşqçi karyerasında 2 dəfə Türkiyə kubokunun qalibi olub. O, bu uğura 2001-ci ildə “Gənclərbirliyi”, 2003-cü ildə isə “Trabzonspor”la nail olub.
Aybaba rəhbərlik etdiyi komandaları daha çox 4-2-3-1 sistemiylə oynadır. O, məşqçi karyerası ərzində ümumilikdə 720 oyun keçirib. Aybabanın komandaları bu matçların 216-da qələbə qazanıb, 280-də isə uduzub.
Samet Aybabanın AFFA ilə razılığa gəlib-gəlməyəcəyi, razılaşma olarsa, Azərbaycan millisiylə nələr edə biləcəyi zamanın cavab tapacağı məsələdir. Amma bir şeyi əminliklə demək olar ki, AFFA-nın hazırkı rəhbərliyi ilə ciddi uğurlar haqda düşünmək özünü aldatmaq deməkdir. Biz ona inanaq ki, Aybaba AFFA ilə müqavilə bağlasa, hara gəldiyini anlayaraq atacaq o imzanı.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin