AFFA Canni De Byazini qovacaq?
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunu 6 xalla, 3-cü sırada tamamladı.
Komanda.az xəbər verir ki, Lüksemburq, Monteneqro və Kiprlə bir qrupda yer alan yığma 6 oyunda 1 dəfə qələbə qazanıb, 2 dəfə də məğlub olub.
Nikola Yurçeviçdən sonra milli komandanın “sükanı arxasına” gətirilən italyan Canni De Byazinin qarşısına qoyulan əsas vəzifələrdən başlıcası yığmanın Millətlər Liqasında uğurlu çıxış etməsi idi. Böyük gözləntilərin olduğu De Byazi isə digər sələfləri kimi, ümidləri doğrulda bilmədi.
Bəs bundan sonra necə olacaq? İyulda baş məşqçi postuna oturan italyan işinə davam edəcək, yoxsa..?
De Byazidən əvvəl yığmanı çalışdıran Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində qrupda 1 xal topladığı üçün istefaya göndərilmişdi. E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparan yığma, 5 qol vurub və qapısında 18 top görmüşdü. Milli yeganə xalını Bakıda Xorvatiyaya qarşı keçirilən oyunda qazanmışdı – 1:1.
Millətlər Liqası turnirinin ilk mövsümündə Azərbaycan yığması Qurban Qurbanovun rəhbərliyi altında D Liqasının 1-ci qrupunda Malta, Farer adaları, Kosovo ilə mübarizə aparırdı. Milli komanda qrupda 9 xalla 2-ci sırada yer aldı və turnirlə vidalaşdı. Qurbanovun komandası 6 oyunda 7 qol vurmuş, 6-sını da buraxmışdı. Yığmanın uğursuz çıxışından sonra Qurbanov millidəki işindən istefaya göndərilmişdi. Qurbanov milli ilə ümumilikdə 12 oyunda 4 qələbə qazanmış, 3 dəfə də məğlub olmuşdu.
Qurban Qurbanovla 6 illik müqavilə imzalayan, ancaq 12 oyundan sonra onu istefaya göndərən AFFA rəhbərliyi De Byaziyə də eyni münasibəti göstərəcək, yoxsa italyan mütəxəssisə şans veriləcək və onun özünü DÇ-2022-nin seçmə mərhələsində də sınamasına şərait yaradılacaq? Axı AFFA, xüsusilə də, federasiyanın vitse-prezidenti Elxan Məmmədov De Byazidən daha yaxşı nəticə qazanan Qurbanova o şansı verməmişdi…
Bizi Facebook-da izləyin