Millətlər Liqası: Nəyimizə güvənib, “bu qrupdan çıxarıq” deyə bilərik? Yazı+Fotolar

Dünən UEFA Millətlər Liqasının püşkü atıldı. Püşkə görə, Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/21 mövsümündə C Liqasında yer alıb.

Milli komanda 1-ci qrupda Lüksemburq, Kipr və Monteneqro yığmalarıyla mübarizə aparacaq. Hazırda baş məşqçi postu boş qalan millinin bu qrupdan hansı nəticə ilə çıxacağı sual altındadır. Bəs Azərbaycan millisinin rəqibləri olan Lüksemburq, Kipr və Monteneqro yığmaları hazırda hansı gücdədir? Azərbaycan millisi bu qrupda ilk pilləni tuta bilərmi, yoxsa AÇ-2020-nin seçmə mərhələsində olduğu kimi, sonuncu yerlə kifayətlənəcək?

Lüksemburq milli komandası

Lüksemburq milli komandasını ilk baxışdan “cırtdan ölkə”ni təmsil etdiyi üçün hardasa zəif rəqib hesab etmək olar. Amma komanda UEFA-nın son reytinqində 98-ci sıradadır. Lüksemburq FİFA sıralamasında millimizi 16 pillə qabaqlayır. Azərbaycan yığması reytinqdə 114-cü sırada qərarlaşıb.

Lüksemburq millisi ilk Millətlər Liqası turnirində D Liqasında çıxış edib. Belarus, Moldova və San Marino ilə bir qrupda mübarizə aparan lüksemburqlular 10 xal toplayaraq, 2-ci olub.

Lüksemburq millisini Lyuk Holts çalışdırır. 2010-cu ildən yığmaya rəhbərlik edən lüksemburqlu mütəxəssisin komandası AÇ-2020-nin seçmə mərhələsində B qrupunda Litva, Serbiya, Ukrayna və Portuqaliya yığmalarıyla mübarizə aparıb və 4 xalla, qrupu 4-cü sırada tamamlayıb. Seçmə mərhələdə 7 qol vuran komanda, 16 top buraxıb.

Lyuk Holts – Lüksemburq milli komandasının baş məşqçisi

“Transfermarkt”da dəyəri 16,6 milyon avro olan Lüksemburq millisinin ən bahalı futbolçusu Kristofer Martins Perreyradır. İsveçrənin “Yanq Boyz” klubunda forma geyinən 23 yaşlı yarımmüdafiəçinin dəyəri 2 milyon avrodur. Yığmanın digər dəyərli futbolçuları Gerson Rodriqes (1,8 milyon avro – “Ankaragücü”) və Leandro Barreyra Martinesdir (1,8 milyon avro – “Maynts”).

Azərbaycan milli komandası Lüksemburq yığmasıyla üç dəfə qarşılaşıb. Bu görüşlərdən biri yoxlama, ikisi isə rəsmi olub. DÇ-2014-ün seçmə mərhələsində bir qrupda mübarizə aparan komandaların hər iki oyunu bərabərliklə bitib. Bakıdakı matç 1:1, Lüksemburqdakı oyun isə 0:0 hesabıyla bitib. Azərbaycan millisi bir dəfə – 2010-cu ildə yoxlama oyununda lüksemburqluları məğlub edib – 2:1.

DÇ-2014, seçmə mərhələ, Bakı. Azərbaycan – Lüksemburq 1:1

Azərbaycan klubları avrokuboklarda 10 dəfə Lüksemburq təmsilçiləri ilə görüşüb. Bu oyunlarda 7 qələbə qazanılıb, 2 dəfə də məğlubiyyət yaşanıb. “Qarabağ” “Düdelanj”, “Zirə” “Differdanj”, “Qəbələ” “Proqress” və “İnter” (indiki “Keşlə”) isə “Fola EŞ” klublarıyla qarşılaşıb. Lüksemburqlularla görüşlərdəki məğlubiyyəti “Qəbələ” və “İnter” klubları yaşayıb.

Kipr milli komandası

Kipr milli komandası FİFA reytinqində 95-ci sıradadır. Bu yığma komandanın dəyəri 13,1 milyon avrodur. Kipr milli komandasını Yohan Valem çalışdırır. Belçikalı mütəxəssis bu ilin yanvarında baş məşqçi postuna gətirilib. Millinin ən dəyərli futbolçusu isə Pieros Sotiriodur. Hazırda Qazaxıstanın “Astana” klubunda forma geyinən hücumçunun qiyməti 1,7 milyon avrodur.

Yohan Valem – Kipr milli komandasının baş məşqçisi

Kipr milli komandası bundan əvvəlki Millətlər Liqasında C Liqasında mübarizə aparıb. Norveç, Bolqarıstan və Sloveniya ilə eyni qrupda mübarizə aparan Kipr, 5 xal toplayaraq, 3-cü yeri tutub.

AÇ-2020-nin seçmə mərhələsində Belçika, Rusiya, Şotlandiya, San Marino və Qazaxıstanla bir qrupda mübarizə aparan Kipr millisi 10 xalla 4-cü pilləni tutub. Həmin dövrdə komandanı Ran Ben Şimon çalışdırırdı. İsrailli mütəxəssisin komandası 15 qol vurub, 20-sini də buraxıb. Şimon 2019-cu ilin noyabrında istefaya göndərilib.

Azərbaycan millisi Kiprin əsas komandasıyla heç vaxt üz-üzə gəlməyib. Yığma bir dəfə Nikosiyada Kiprin U-21 komandası ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Azərbaycan klubları isə 10 dəfə Kipr təmsilçilərinə rəqib olub. “Qarabağ”, “Qəbələ”, “Neftçi” avrokuboklar çərçivəsində kiprlilərlə üz-üzə gəlib və bu oyunlarda iki dəfə qələbə qazanılıb. Bu qələbələr “Neftçi” və “Qarabağ”a aiddir. Hər iki komanda APOEL-i məğlub etməyi bacarıb.

Avropa Liqası, qrup mərhələsi, 2019 – Bakı. “Qarabağ” – APOEL 2:2

“Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində APOEL-lə qarşılaşıb. Bakıda keçirilən oyunda 2:2 hesablı heç-heçə edən “köhlən atlar”, səfərdə rəqibinə 1:2 hesabıyla uduzub.

Monteneqro milli komandası

Monteneqro milli komandası FİFA reytinqində 64-cü sıradadır. Komandanı Faruk Hacibeqiç çalışdırır. 62 yaşlı mütəxəssis 2019-cu ilin yayında baş məşqçi postuna gətirilib. Monteneqro millisinin dəyəri 29,85 milyon avrodur. Yığmanın ən bahalı futbolçusu Adam Marusiçdir. “Latsio”da forma geyinən yarımmüdafiəçinin dəyəri 7 milyon avrodur.

Faruk Hacibeqiç – Monteneqro milli komandasının baş məşqçisi

Monteneqro milli komandası Millətlər Liqasında ilk dəfə Serbiya, Rumıniya və Litvayla bir qrupda mübarizə aparıb. 7 xal toplayan monteneqrolular qrupu 3-cü pillədə tamamlayıb.

Monteneqro millisi AÇ-2020-nin seçmə mərhələsində İngiltərə, Çexiya, Kosovo və Bolqarıstanla bir qrupda mübarizə aparıb. 8 oyunda qələbə qazana bilməyən yığma, 3 xalla sonuncu pilləni tutub. Monteneqrolular bu oyunlarda 3 qol vurub, 22-sini də buraxıb.

Monteneqro milli komandası ən yaxşı göstəricisinə AÇ-2012-də nail olub. Seçmə mərhələ çərçivəsində İngiltərə, İsveçrə, Bolqarıstan və Uelslə bir qrupda yer alan Monteneqro, 12 xalla 2-ci olaraq, Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Pley-off mərhələsində Çexiyaya rəqib olan yığma, 0:3 hesabıyla uduzaraq, turnirlə vidalaşıb. Monteneqro millisi AÇ-2012-dəki çıxışından sonra 2013-cü ildə FİFA reytinqində 25-ci pilləyə qədər yüksəlmişdi.

Azərbaycan milli komandası Monteneqro yığması ilə bir dəfə – 2010-cu ildə yoxlama oyununda qarşılaşıb. Görüş monteneqroluların 2:0 hesablı qələbəsiylə bitib.

Azərbaycan klubları 7 dəfə Monteneqro təmsilçiləri ilə üz-üzə gəlib. Biri yoxlama matçı olan qarşılaşmalarda yalnız iki qələbə var. Keçmiş “Bakı” klubu “Buduçnost”u Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində səfərdə 2:1 hesabıyla məğlub edib. “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində “Rudar”la keçirilən səfər matçında qələbə qazanıb – 1:0. Azərbaycan klublarının hər iki qələbəsi səfər matçına təsadüf edib.

Çempionlar Liqası, təsnifat mərhələsi, 2015 – Bakı. “Qarabağ” – “Rudar” 0:0

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button