“Düşünürəm ki, “Qarabağ” – “Araz-Naxçıvan” cütünün qalibi kuboku da qazanacaq” – SORĞU

Aprelin 23-də Azərbaycan kubokunun yarımfinalının “Qarabağ” – “Araz-Naxçıvan” (ilk oyun 0:1) və “Sabah” – “Neftçi” (ilk oyun 2:1) cavab matçları keçiriləcək.

Komanda.az ölkə kuboku ilə bağlı idman jurnalistləri arasında sorğu keçirib. Həmkarlarımıza iki sualla müraciət etdik:

1: Sizcə, Azərbaycan kubokunun finalına hansı komandalar çıxacaq?

2: Bu mövsüm ölkə kubokunu hansı komandanın qazancağını proqnozlaşdırırsız?

Kənan Məstəliyev (“rekord.az”)

“Azərbaycan kubokunun yarımfinalının cavab qarşılaşmaları çox maraqlı olacaq. Hər iki qarşılaşmada mübarizənin son saniyələrə qədər gedəcəyini düşünürəm. Çünki hər bir komandanın özünün mövsüm üçün hədəfi var və bu hədəf kubokun yarımfinalından keçir. “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasında təbii ki, yenə də favorit Ağdam təmsilçisidir. Çünki “Qarabağ” daha yaxşı heyətə malikdir və oyun sistemi baxımından daha çox oturuşmuş komandadır. Amma bu mövsüm “Qarabağ” elə də etibarlı oyun nümayiş etdirmir, ara-sıra məğlubiyyətləri olur. Sabit komanda deyil, lakin yenə də, onları bir addım öndə görə bilərik.

Proqnoz olaraq nəzərə alsaq, “Qarabağ”ın finala çıxma ehtimalını daha yüksək görürəm. Amma bu heç də asan olmayacaq. Çünki “Araz-Naxçıvan” da çempionatda heç də asan təslim olmadığını göstərən komandadır. Buna görə, qarşılaşmanın əlavə vaxta, hətta penaltilərə qədər gedəcəyini düşünürəm.

Eyni fikirləri “Sabah” – “Neftçi” qarşılaşması haqda da demək olar. Lakin burada məsələ daha ciddidir, çünki digər oyunda hansı komanda məğlub olsa da bu faciəvi hal olmayacaq. Lakin “Sabah” və “Neftçi”də vəziyyət başqadır. Burada artıq baş məşqçilərin qarşısına qoyulan hədəflər çox yüksəkdir. Çempionatda hər iki komandada işlərin yaxşı getmədiyini nəzərə alsaq, istər Samir Abasovun, istərsə də Vasili Berezutskinin bütün bacarığını ortaya qoyması lazım olacaq. Çünki məğlubiyyət istənilən məşqçini vəzifəsindən edə bilər. Hər iki komanda da əsas hədəf kimi kubokun finalına çıxmaq və finalda şansdan istifadə edərək, kuboku götürüb avrokuboka çıxmağı görür. Hər ikisi bunun üçün maksimum səy göstərməyə çalışacaq. Düşünürəm ki, meydan sahibi “Sabah” heyət olaraq daha öndə görünür. “Neftçi”yə isə sona qədər mübarizə aparmaq qalır. Bu şansları dəyərləndirsək, 51 faizin 49 faizə “Sabah”ın xeyrinə olacağını düşünürəm”.

Anar Şabanoğlu (“sports.az”)

“Çox çətin sualdır. Favorit sözsüz ki, “Qarabağ”dır. Lakin nəzərə alaq ki, ilk oyunda “Qarabağ” “Araz-Naxçıvan”a uduzub və Zaur Axundovun gözlənilmədən kubok qazanmaq təcrübəsi var. Üstəlik, bir məqam da var ki, kubok oyunu çempionat bitəndən ən azı bir həftə sonra keçiriləcək. Buna görə, “Qarabağ”ın oyunçuları Çempionlar Liqasına daha yaxşı hazırlaşmaq üçün istirahətə getmək istəyəcək. Qurban Qurbanov bunun üçün kuboku qurban verərmi, verməzmi? Bunu demək çətindir və yalnız nəzəri cəhətdən fikirlərdir. Titul qazanmağı hamı istəyir. Düşünürəm ki, “Qarabağ” da bunu istəyir. Amma mən “Araz-Naxçıvan”ı da hesabdan silmirəm. Komanda mövsümboyu yaxşı performans sərgiləyib. Gizli favorit “Araz-Naxçıvan”dır.

Digər qarşılaşmaya gəldikdə isə, həm “Sabah”, həm də “Neftçi” üçün mövsüm uğursuz olub. Yeganə şans kuboku qazanıb, avrokuboklara getmək və bununla özlərini azarkeşlərə əfv etdirməkdir. Lakin “Sabah” və “Neftçi” o qədər də yaxşı durumda deyil, baxmayaraq ki, heyət baxımından “Araz-Naxçıvan”dan üstündürlər. Hətta finalda bu iki komandadan biri “Araz-Naxçıvan”la qarşılaşsa, uğursuz ola bilər”.

Mehman Süleymanov (“presssport.az”)

“Düşünürəm ki, Azərbaycan kubokunun yarımfinalının cavab oyunları gərgin mübarizə şəraitində keçəcək. Çünki ilk oyunlardakı nəticələrdən sonra qalib komandaların cəmi bir top fərqi üstünlüyü var. Düzdür, əvvəlki qaydada olsa idi, mən deyərdim ki, “Sabah” böyük ölçüdə mərhələ keçmək vəzifəsini yerinə yetirər. Çünki rəqib meydanda “Neftçi”yə iki qol vurub. Düşünürəm ki, bu qarşılaşmada “Sabah” daha üstündür. “Neftçi”nin qeyri-sabit çıxışı öz sözünü deyir. Digər tərəfdən, Samir Abasovun komandasını xilas etməsi üçün son şansdır. Özünün də vurğuladığı kimi, mövsümün matçıdır və burdan toparlanıb çıxmalıdırlar. Lakin “Sabah”ın həm evdə oynaması, həm də az da olsa, üstünlüyə malik olması hesabda onu daha şanslı edir. Amma “Sabah”ın da qeyri-sabit çıxışı öz sözünü deyir. Ona görə də, şansları 60-ın 40-a “Sabah”ın xeyrinə dəyərləndirərdim.

“Qarabağ” – “Araz-Naxçıvan” cütü daha maraqlı görünür. Burada daha gərgin mübarizəyə şahid olacağıq. “Qarabağ” təbii ki, bu turnirin əsas favoritidir, lakin ilk oyunda 0:1 hesabı ilə uduzub. Bu o deməkdir ki, Elnur Baxışıyevin komandası üçün cavab matçında istənilən heç-heçə yetərlidir ki, tarixində ilk dəfə finala çıxsın və bu böyük motivasiyadır. Burada proqnoz vermək bir qədər çətindir. Çünki “Araz-Naxçıvan” yaxşı müdafiə xəttinə və xüsusilə, etibarlı qapıçıya malikdir. Kristian Avram düşünürəm ki, çempionatımızda ən yaxşı iki qapıçıdan biridir. Hər halda, “Qarabağ” bütün turnirlərin favoriti olaraq qalır və Qurban Qurbanovun komandasının sona qədər mübarizə apararaq, finala çıxmaq məqsədinə nail olacağını düşünürəm. Lakin “Araz-Naxçıvan” da qalib olsa, mənim üçün təəccüblü olmayacaq.

Kubokun qalibi olmaq məsələsinə gəlincə, düşünürəm ki, “Qarabağ” – “Araz-Naxçıvan” cütünün qalibi kuboku da qazanacaq”.

İlkin Sultanlı, (“sport1.az”)

“Düşünürəm ki, Azərbaycan kubokunun finalında “Qarabağ” – “Neftçi” matçını izləyəcəyik. Düzdür, hər iki komanda ilk oyunlarda uduzub. Amma bu komandaların geridönüş edəcəyini düşünürəm.

Final matçı barədə nəsə demək çətindir. Çünki bir oyundan ibarət qarşılaşmalarda hər şey baş verə bilər. Amma finala çıxsa, “Qarabağ”ın şansı daha çoxdur. Həm də, Ağdam təmsilçisinin kuboku qazanması daha məqsədəuyğundur. Belə olan halda Avropa Liqasında “Zirə” mübarizə aparacaq. Rəşad Sadıqovun komandasının bu turnirdə ötən mövsümkü çıxışını uğurlu hesab etmək olar. Əvvəlcə Avropa Liqasında, sonra Konfrans Liqasında iştirakı dayandıracaq komandalardansa, “Zirə” bu turnirdə çıxış etsə, ölkə futbolu üçün faydalı olar”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button