Azərbaycan kubokunda 3-cü mərhələyə yekun vuruldu
Şose velosipedi üzrə Azərbaycan kubokunda 3-cü mərhələyə yekun vurulub.
Komanda.az xəbər verir ki, İsmayıllı rayonunda keçirilən yarışda müxtəlif yaş kateqoriyaları üzrə 60-a yaxın idmançı iştirak edib.
Reqlamentə əsasən, qaliblər iki yarış gününün nəticəsinə görə müəyyənləşib. Birinci yarış günündə iştirakçılar 15 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. Növbəti gün isə 17 yaşadək velosipedçilər, həmçinin gənc qızlar 55 km, gənc oğlanlar, Elit və U23 yaş kateqoriyasındakı kişilər isə 80 km məsafədə ən güclüləri müəyyənləşdiriblər.
Qızlar arasında iki yarış gününün nəticəsinə əsasən Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Viktoriya Sidorenko ikinci, Lala Abdurahmanova isə üçüncü olub. 17 yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Tamerlan Vitovski və Ravi Rzayev isə 2-3-cü yerləri bölüşüblər.
Və nəhayət, gənclər, U-23 və Elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində Əli Qurbanov hamıdan güclü olub. Kamran Mirzəxanov və Elgün Əlizadə isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təqdim ediblər. Mükafatlandırma mərasimi zamanı çıxış edən Mədət Quliyev qalibləri təbrik edib və Prezident İlham Əliyevə gənclərə yaratdığı şəraitə görə bütün velosipedçilər adından təşəkkür edib.
Bizi Facebook-da izləyin