
Azərbaycan klublarının Avropa Kubokundakı rəqibləri məlum oldu
Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.
Bu barədə Komanda.az-a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qadınların yarışında Azərbaycan çempionu “Azəryol” 2-ci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub.
İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.
Kişi həndbolçuların turnirində Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komanda mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.
Bu raundun ilk görüşləri oktyabrın 11-12-nə, cavab matçları isə 18-19-na təyin olunub.
Bizi Facebook-da izləyin