Azərbaycan harda yerləşir?
Rəşad Fərhadoğlu
Bizi mütləq genetik testdən keçirmək lazımdır. Darvin məlum nəzəriyyəni yazarkən, yüz faiz son gördüyü adam azərbaycanlı olub. Görünüş olaraq dəvəquşunu keçmişik. Başımızı harasa soxub, elə bilirik heç kimə görünmürük.
2020-yə mükəmməl başladıq. Avropaya seçki elmində nə dərəcədə fövqəladə biliyə sahib olduğumuzu növbəti dəfə göstərdik. Səsvermədə həm əlimizlə iştirak etdik, həm də cinsiyyət orqanımızla. Belə olmasaydı, alt paltarlarından o qədər bulleten çıxmazdı. Seçkilərin nəticəsini beynimiz həll etməsə də, şalvarlarımız, tumanlarımız həll etdi. Nəzərə alaq ki, istər üst, istərsə alt paltarlarımız Çin istehsalı olduğundan, seçimimiz də “kitayski” oldu. Azərbaycanlıların əksəriyyəti koronavirusa yoluxmasa da, “korovo virusu”na yoluxduğu dəqiqdir. Qarabağ uğrunda gözünü və ayağını itirmiş insanı Ağa(nın)malı Fəzail üstələyirsə, erməninin bizi udması qanunauyğundur, labüddür. Sizə bunu deməmin səbəbi odur ki, bizdən adam olmayıb, olmayacaq da. Bizdən ən yaxşı halda zombi, başyeyən, heyvanabənzər bir şey olar. Ara-sıra ermənilərin bizə niyə “Azerbaran” deməsini düşünməliyik. Bizə bu adı layiq görən düşmənlərimiz deyil, Pənahov Məzahir kimilərdir. Səsini qoruya bilməyən insan, özünü də qoruya bilməz. Vəssalam!
Seçkilərimiz nədir ki, idmanımız nə olsun? Sağlam mühit olmayan yerdə, sağlam rəqabət olmaz. Seçimini və seçdiyini Mərkəzi Saxtalaşdırma Komissiyasından (MSK) tələb edə bilməyən kütlə, AFFA-dan mükəmməl çempionat, fövqəladə futbol və möhtəşəm nəticə istəyə bilməz. Elxan Məmmədovun Məzahir Pənahovdan nəyi əskikdir?! İkisi də eyni nəmənəyə qulluq edir. İkisi də eyni ağıla, eyni dərrakəyə malikdir. Odur ki, “balıq başdan iylənər”.
Cənubi Qafqazda ən bədbəxt millət azərbaycanlılar, ən bədbəxt ölkə Azərbaycandır. Çünki erməni və gürcülərdən fərqli olaraq, bizdə seçki mədəniyyəti yoxdur. Mədəniyyəti olmayan xalq məhvə məhkumdur və yeri seçki bulletenlərinin gəzdirildiyi yerdir, yəni şalvar, tuman! Odur ki, varsa, papağınızı qabağınıza qoyub, düşünün.
P.S. “İslahat” nəticəsində parlamentdə yerini təkrar təmin edən Səyavuş Novruzovu təbrik edirəm. Oğulsan!
Bizi Facebook-da izləyin