Azərbaycan Gürcüstanla idman sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze arasında tanışlıq xarakterli görüş keçirilib.
Komanda.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirlyi məlumat yayıb.
Gürcüstanın Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edən nazir bildirib ki, iki ölkənin idmançıları və gəncləri arasında sıx və dostluq münasibətləri mövcuddur. O, bu kontekstdə müvafiq dövlət qurumları arasında sıx əlaqələrin önəmini vurğulayıb.
Pataradze öz növbəsində iki dost ölkənin idman federasiyaları arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Səfir azərbaycanlı naziri Gürcüstandakı idman infrastrukturu barədə məlumatlandırıb. Onun sözlərinə görə, son zamanlar Gürcüstan hökumətinin səyləri ilə müasir standartlara cavab verən, birgə məşqlərin keçirildiyi bir sıra idman bazaları və kompleksləri yaradılıb.
Diplomat vurğulayıb ki, Gürcüstan və Azərbaycan arasında münasibətlərin böyük hissəsi mədəni-humanitar sahənin payına düşür, birgə səylərlə bu istiqamətin daha da dərinləşdirilməsi və inkişaf etdirilməsinə ehtiyac var.
Bizi Facebook-da izləyin