Azərbaycan güləşi üçün tarixi il
2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar alındı.
Komanda.az xəbər verir ki, son 1 ildə müxtəlif nüfuzlu yarışlarda tarixi qələbələr, çoxsaylı rekordlar və ilklər qeydə alındı. 2022-ci ili güləş üçün müxtəlif aspektlərdən dəyərləndirək.
Yarışlar
Bu il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazandıq. Ümumilikdə güləşçilərimiz 94 dəfə qitə birinciliklərində fəxri kürsüyə qalxdı. Dünya çempionatlarında 16 qızıl, 13 gümüş və 18 bürünc medal əldə etdik. 2022-ci ildə keçirilən mundiallarda ölkəmiz adına 47 medal yazıldı. Bundan başqa, yunan-Roma güləşi üzrə millimiz Dünya Kubokunda gümüş medal əldə etdi.
Digər yarışlara gəlincə, sözsüz, bunlardan ən önəmlisi Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları idi. 23 (8 qızıl, 8 gümüş, 7 bürünc) medal əldə edən güləşimiz növbəti dəfə Azərbaycan idmanının flaqmanı olduğunu isbatladı. İl ərzində baş tutan başqa beynəlxalq yarışlarda qazancımız 36 qızıl, 31 gümüş və 50 bürünc medal oldu.
Beləliklə, güləşçilərimiz 2022-ci ili ümumilikdə 282 medalla başa vurdu. 99 dəfə idmançılarımız baş mükafata yiyələndi. Bundan başqa, 75 gümüş və 108 bürünc medal qazanıldı.
Rekordlar
2022 Azərbaycan güləş tarixinə rekordlar ili kimi yazıldı. Təsadüfi deyil ki, geridə qoyduğumuz ildə 30-a yaxın rekord yeniləndi. Yunan-Roma güləşində böyüklər arasında, U-17 və U-15 yaş qrupunda, sərbəst güləşdə isə böyüklərlə yanaşı, U-23 və U-17 yaş qrupunda komanda hesabında Avropa çempionu olduq. Çimərlik güləşi üzrə U-17 millimizin həm Avropa, həm də dünya çempionatında 4 qızıl medal qazanaraq maksimum nəticəyə imza atması diqqəti çəkir. Yunan-Roma güləşi üzrə yığmamızın rekord xalla komanda hesabında dünya 2-cisi olması da böyük uğurlar sırasındadır. Ümumilikdə Avropa və dünya çempionatlarında komanda hesabında 16 dəfə ilk “3-lük”də yer aldıq.
Tədbirlər və yeniliklər
2022 digər sahələr üzrə də Azərbaycan Güləş Federasiyası üçün məhsuldar alındı. İlk dəfə U-15 yaş qrupunda və çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirildi. Dünya Güləş Birliyinin (UWW) təqvim planında yer alan sonuncu beynəlxalq yarış olan “Təhsil” turniri də ilklər sırasına yazıldı. Ölkəmizdə keçirilən ilin ən önəmli yarışı yunan-Roma güləşi üzrə Dünya Kuboku oldu. UWW rəsmiləri yarışın yüksək səviyyədə təşkil edilməsini böyük məmnunluqla qeyd etdilər.
Sentyabrda 2 qat olimpiya və 4 qat dünya çempionu Con Smitin ABŞ-dan ölkəmizə təşrif buyuraraq Bakı, Astara və Gəncədə master-klass keçməsi, həmçinin bir neçə gün öncə güləşimizin canlı əfsanələrinin eyni məqsədlə Astara Olimpiya İdman Kompleksində yeniyetmə və gənclərlə görüşü böyük maraq və rəğbətlə qarşılandı. Sözsüz, atılan bu addımlar güləşin ölkəmizdə daha da populyarlaşmasına və kütləviləşməsinə hesablanıb. Bu tip tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Azərbaycan güləş hakimləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu il beynəlxalq dərəcəli referilərin sırasına daha 2 ədalət təmsilçimiz qoşuldu. 4 hakimimiz isə kateqoriyalarını yüksəltdi.
Bizi Facebook-da izləyin