Azərbaycan güləşçilərindən DÇ-də 4 medal

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə 5 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.

Səid Xəlilov (48 kq) amerikalı Kristian Kastilyo (4:2) və misirli Amr Elşaerə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Xəlilov finalın bir addımlığında hindistanlı Ronit Şarmayla bacarmayıb – 0:7. Səid bürünc medal uğrunda görüşdə yaponiyalı Yu Takemotoya 9:1 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda misirli Hüseyn Hasaneynə (8:0), 1/4 finalda gürcüstanlı Saba Surmanidzeyə (tuşe), yarımfinalda isə türkiyəli Halil Çinara (11:0) vaxtından əvvəl qalib gələrək dünya çempionatının finalına yüksəlib. Mustafayev həlledici görüşdə hindistanlı Surac Suraca (0:11) məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb.

Əli Əlizadə (65 kq) ilk mərhələdə macar Levente Levaya (2:0), 1/8 finalda finlandiyalı Oskari Talalaya (3:0), 1/4 finalda isə misirli Məhəmməd Elsayedə (5:1) gücünü göstərərək yarımfinala adlayıb. Ancaq bu mərhələdə iranlı Məhəmməd Pianiyə sonuncu xal prinsipinə əsasən məğlub olub – 1:1. Əlizadə bürünc medal uğrunda görüşdə isə özbəkistanlı Bəhruz Barnoyevə (3:9) uduzaraq 5-ci yerlə kifayətlənib.

İsmayıl Rzayev (80 kq) polşalı Voyçieş İvanovski (5:0), macar Oliver Kovaç (4:1) və serbiyalı Branko Dukiç (7:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Rzayev iranlı Azərşabı vaxtından əvvəl (9:0) üstələyərək finala vəsiqə qazanıb. İsmayıl həlledici görüşdə türkiyəli Alperen Berberlə qarşılaşıb. Rəqibinə minimal fərqlə (2:3) uduzan Rzayev dünya ikincisi olub.

Məzaim Mərdanov (110 kq) 1/8 finalda özbəkistanlı Rustam Sadikovu (10:1), 1/4 finalda isə avstriyalı Leonard Yungeri (5:2) məyus edib. Ancaq yarımfinalda türkiyəli Cemal Bakır keçilməz olub – 0:9. Mərdanov bürünc medal uğrunda görüşdə isə gürcüstanlı Davit Mqeladzeyə “tuşe” ilə qalib gəlib.

Beləliklə, yunan-Roma güləşçilərimiz ilk 2 yarış gününün yekununa əsasən, dünya çempionatında 2 gümüş və 2 bürünc medal qazanıb. 5 çəkidə başa çatan mübarizədən sonra komandaların sıralamasında ilk “10-luq”da vəziyyət belədir:

  1. Azərbaycan – 80 xal
  2. İran – 75
  3. Türkiyə – 60
  4. Hindistan – 57
  5. Gürcüstan – 55
  6. ABŞ – 37
  7. Özbəkistan – 30
  8. Yaponiya – 26
  9. Ukrayna – 24
  10. Macarıstan – 22
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button