Azərbaycan gimnastlarından İslamiadada uğurlu nəticə

Türkiyənin Konya şəhərində təşkil olunmuş 5-ci İslam Həmrəyliyi Oyunlarında bu gün aerobika gimnastikası və bədii gimnastika yarışlarının final mərhələləri keçirilib.

Komanda.az xəbər verir ki, bədii gimnastika üzrə fərdi proqramda qüvvəsini sınayan Zöhrə Ağamirova lent və gürzlərlə qızıl, halqa ilə gümüş, topla hərəkətlərin icrasında bürünc medal qazanıb.

Oyunlarda Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzə qrup hərəkətləri komandamız 3 lent və 2 topla qızıl, 5 halqa ilə hərəkətlərin icrasında isə gümüş medal əldə edib.

Final mərhələsində fərdi proqramda mübarizə aparan təmsilçimiz İlona Zeynalova gürzlərlə 4-cü, lentlə hərəkətlərin icrasında 6-cı olub. Komandamızın digər üzvü Alina Gözəlova topla 4-cü, halqa ilə hərəkətlərin icrasında 7-ci pillədə qərarlaşıb.

Bununla da bədii gimnastika üzrə yığma komandamızın üzvləri 5-ci İslam Həmrəyliyi Oyunlarını 8 medalla (5 qızıl, 2 gümüş, 1 bürünc) başa vurublar.

Oyunlarda aerobika gimnastikası üzrə təmsilçilərimiz də uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, fərdi proqramda mübarizə aparan gimnastlarımız Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb. Vladimir və Mədinə qarışıq cütlük proqramında bütün rəqiblərini üstələyərək çempion olublar. Təmsilçilərimiz Mədinə Mustafayeva, Vladimir Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında ikinci pillədə qərarlaşıblar. Bu növ üzrə komandamızın üzvləri Oyunları 5 medalla (2 qızıl, 3 gümüş) başa vurublar.

Ümumilikdə isə Azərbaycan gimnastlarının 5-ci İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 17-yə (8 qızıl, 7 gümüş, 2 bürünc) çatıb.

Avqustun 17-18-də qadın idman gimnastlarımız mübarizəyə qoşulacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button