Azərbaycan gimnastları AÇ-dən 4 “bürünc”lə qayıdır
İsrailin Təl-Əviv şəhərində təşkil olunmuş bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, iyunun 15-dən 19-dək davam edən turnirdə Azərbaycan idmançıları da mübarizə aparıblar.
Gimnastlarımız qitə birinciliyini 4 bürünc medalla başa vurublar. Komandamızın aktivinə ilk medalı gənclər arasında Kamila Qafarova yazdırıb. Hakimlərdən 28.550 xal alan idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışın növbəti günü qrup hərəkətləri üzrə yığma komandamız daha bir bürünc medal qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığmamız çoxnövçülük üzrə yarışda üçüncü olub.
Gimnastlarımız yarışın sonuncu günündə də uğurlu çıxış nümayiş etdiriblər. Qrup komandamız ölkəmizin medal kolleksiyasına daha iki medal əlavə edib. Təmsilçilərimiz ayrı-ayrı alətlər üzrə keçirilən final yarışlarında həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətlərin icrasında bürünc medal qazanmağa müvəffəq olublar.
Beləliklə, Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatını 4 bürünc medalla başa vurub. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi qitə çempionatında 39 ölkədən 286 gimnast mübarizə aparıb.
Bizi Facebook-da izləyin