“Neftçi” istirahət mərkəzinə xoş gəlmisiz!

Azərbaycan futbolunun problemlərindən biri klubların oyunçu transferi zamanı düzgün seçimlər etməməsi, ölkəyə gələn legionerlərə bir ətək pul verilməsinə baxmayaraq, onların uğursuz çıxışı, gözləniləndən aşağı performans sərgiləməsidir.

Klubların rəhbərliyi, istərsə də komandaların baş məşqçiləri mətbuata açıqlamalarında tez-tez legioner futbolçu tapmaqda çətinlik çəkdiklərini, xarici futbolçuların Azərbaycana gəlmək istəməməsi problemindən bəhs edir. Bakıya gələn legionerlər də az pula gəlmir və yaxşı müqavilə şərtlərinə görə klublarla razılaşırlar.

Legioner futbolçu transferi problemi ilə ən çox üzləşənlərdən biri “Neftçi” klubudur. Bakı təmsilçisi artıq neçə ildir ki, lazımlı legionerlərin heyətə cəlb olunmamasına və gələnlərin 2-3 aya göndərilməsinə görə tənqid olunur. Təsadüfi deyil ki, klubun keçmiş idman direktoru Ceyhun Sultanov transfer siyasətinin uğursuzluğuna görə azarkeşlərin və medianın tənqidi ilə üzləşmiş, daha sonra “Neftçi” rəhbərliyi tərəfindən istefaya göndərilmişdi.

Ötən mövsümün qalibi olan “Neftçi” çempionatda 2021/22 mövsümünə heyətində 11 legionerlə başladı. “Ağ-qaralar” yay transfer pəncərəsi dövründə müdafiəçi Huqo Basto, Roman Bask, yarımmüdafiəçi Harramiz Soares, Sezar Meza Kolli, Xorxe Korrea, hücumçular Tyaqo Bezerra, Ramon Maçadonu heyətinə qatdı. Və hazırda bu oyunçuların keçidinin üzərindən uzun müddət keçməyib ki, onlardan artıq sadəcə 3-ü heyətdə qalıb – Bezerra, Maçado və Meza Kolli.

“Neftçi”də son olaraq komandadan göndərilən Xorxe Korrea “ağ-qaralar”la cəmi 2 oyunda 78 dəqiqə şans qazanıb. Korrea “Neftçi”dən əvvəl Türkiyənin “Girəsunspor” klubu ilə razılaşmış, amma tibbi müayinədən keçə bilmədiyi üçün müqavilə imzalamamışdı. Futbolçuda xroniki zədə aşkarlanmışdı. Lakin “Neftçi” Korreanın bu problemi haqda ya məlumatsız idi, ya da bilərəkdən risk edilmiş bir keçid idi. Sonda isə sentyabrda Bakıya gələn yarımmüdafiəçi 4 ay “istirahət” etdi, yanvarın 22-də isə klubla yollarını ayırdı.

Korrea kimi Roman Bask da ötən ilin iyulunda “Neftçi” ilə müqavilə imzalayıb, yanvarda isə klubu tərk edib. Korreadan fərqli olaraq Bask daha çox – 12 oyunda çıxış edib.

“Neftçi” qış fasiləsində heyətə hələ ki, iki legioner cəlb edib – Braziliyanın “İnternasional” klubundan Gilyermo Pato (21 yaş, hücumçu) və son klubu Latviya “Riqa”sı olan İvan Brkiç (27 yaş, qapıçı). Bu futbolçuların mövsümün geridə qalan hissəsini meydanda, yoxsa ehtiyatda keçirəcəyini isə zaman göstərəcək.

“Neftçi”də legionerlərin qış fasiləsinə qədər olan müddətdə keçirdikləri oyun sayını təqdim edirik:

Müdafiəçilər:

Mamadu Mbodj – 13 oyunda 1143 dəqiqə oynayıb (6 oyun ehtiyatda qalıb)
Voyslav Stankoviç – 21 oyunda 1890 dəqiqə oynayıb (1 oyun ehtiyatda qalıb)
Huqo Basto – 9 oyunda 720 dəqiqə oynayıb (8 oyun ehtiyatda qalıb)

Yarımmüdafiəçilər:

Mamadu Kane – 19 oyunda 1671 dəqiqə oynayıb (3 oyun ehtiyatda qalıb)
Sezar Meza Kolli – 19 oyunda 1153 dəqiqə oynayıb (ehtiyatda qalmayıb)
Yusuf Laval – 21 oyunda 1762 dəqiqə oynayıb (ehtiyatda qalmayıb)
Sabir Buqrin (klubu tərk edib və Tunis “Esperans”ına keçib) – 20 oyunda 1437 dəqiqə oynayıb (1 oyun ehtiyatda qalıb)
Xorxe Korrea (klubu tərk edib) – 2 oyunda 78 dəqiqə oynayıb (ehtiyatda qalmayıb)
Harramiz Soares (klubu tərk edib) – 11 oyunda 756 dəqiqə oynayıb (9 oyunda ehtiyatda qalıb)

Hücumçular:

Tyaqo Bezerra – 9 oyunda 524 dəqiqə oynayıb (1 oyun ehtiyatda qalıb)
Ramon Maçado – 11 oyunda 428 dəqiqə oynayıb (1 oyunda ehtiyatda qalıb)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button