Azərbaycan futbolunu xilas etmək mümkündürmü? – Müsahibə

“Neftçi” klubunun sabiq vitse-prezidenti, keçmiş FİFA hakimi Tahir Süleymanov “Rupor.az” saytına müsahibə verib.

Komanda.az həmin müsahibəni təqdim edir:

– Hazırda nə işlə məşğulsuz, maddi qazancınız hansı sahədəndir?

 – Hazırda bütün dünya koronavirus pandemiyası ilə bağlı karantindədir. Müəyyən sahələri çıxmaq şərtilə həyat dayanıb, insanlar ev dustağına çevrilib. Digər idman növləri ilə yanaşı futbol da ikinci plana keçib. Belə vəziyyətdə hamı necə, biz də elə… Maddi qazancdan daha önəmli məsələlər var. İnsan kabab da yesə, yavan çörək də – ölmür. Önəmli olan mənəvi qidanın yerində olmasıdır. Heç kim bu dünyadan özü ilə var-dövlətini, villasını, ev-eşiyini o dünyaya aparmayacaq. Hamımız planetimizdə müvəqqəti kirayədə yaşayırıq. Əsas qazanc mənəvi dəyərlərə söykənməkdir. Ümumi durumda yaşasaq da hər bir insan ruhən yolunu özü seçir və buna uyğun da hərəkət edir. İnsanlar çox vaxt mübarizəni şikayət etməklə səhv salırlar. Həyat mübarizəsi narazılıq etməkdən ibarət deyil, insanın əqidəsindən, öz yolundan dönməməsi, sınmamasıdlr. Hər günümüzə şükr etməklə yanaşı, yolumuzu davam edirik və son nəfəsimizə kimi də belə olacaq.

– Azərbaycan futbolu niyə ictimaiyyətin tənqidinə tuş gəlir? 

– Hər gün minlərlə insanın dünyadan köçdüyü, sərhədlərin bağlandığı, həyatın durduğu vaxtda psixoloji olaraq futboldan danışmağımız ola bilər ki, yerinə düşməsin. Bununla yanaşı istənilən halda həyat davam edir. Karantin də bitəcək, virusun peyvəndi də tapılacaq, yaşayış öz axarına qayıdacaq. İctimaiyyət arasında, mətbuatda, sosial şəbəkələrdə ancaq pandemiyayla bağlı məlumatlar da insanlara mənfi təsir edir. Belədə sualları cavablandırıb söhbətimizi davam etdirmək olar.
Azərbaycan futbolu tək ictimaiyyətin yox, davamlı olaraq siz jurnalistlərin də obyektiv tənqidləri ilə üzləşir. Uzun illərdi özümüz də futbolda olan problemləri təhlil edirik, fikirlərimizi bildiririk. Tənqidlər səbəbsiz deyil, illərdi yaradılan şəraitə, dövlət qayğısının olmasına baxmayaraq, nəticələr göz qabağındadır. Futbolu kabinetlərdə gizlətmək mümkünsüzdür.

– Futbolun vəziyyəti barədə tənqid yazan jurnalistlər indiki duruma görə AFFA-nın prezidenti Rövnəq Abdullayevi günahlandırırlar. Siz necə düşünürsünüz, səbəb fərdlərlə bağlıdır, yoxsa sistemlə?

– Tək AFFA prezidenti yox, idarəçiliyə cavabdeh olan Elxan Məmmədov və digər vitse-prezidentlər də bura aiddir. Bu barədə demək olar hər gün danışılır, yazılır. Subyektiv yanaşmalar da olur, əsas isə tənqidlərin böyük əksəriyyəti futbolda yaradılan mövcud vəziyyəti əks etdirir. Jurnalistləri qeyd etdik, tək sizlər deyilsiz, geniş azarkeş kütləsi, mütəxəssislər də sözlərini deyirlər. Ən mənfisi, çox az sayda futbol adamlarının öndə olması, davamlı və qəti fikirlərini bildirməsidir. 
Azərbaycan futbolunun inkişafına cavabdeh federasiyadır. Sistemi də formalaşdıran, həyata keçirən cavabdeh fərdlərdir. Bir var sistem ölkə futboluna qulluq etsin, bir də var fərdlərə. İndiki durumda sistem şəxsi mənafelərə xidmət edir. Nizamnamə dəyişikliyindən tutmuş AFFA strukturu, klubların və futbol sahələrinin ələ alınmasına qədər…
 Bütün bunlar detallı təhlil edilməlidir. Rövnəq Abdullayevin AFFA-da bir kadrı var, digərləri isə icraçıdır. Futbolun strateji, ideoloji layihələşdirməsi, idarə olunması tam olaraq katiblik, indi isə icraçı vitse-prezidentin üzərindədir. Bu, rəsmi olaraq, AFFA strukturunda da öz əksini tapıb. Son konfransdakı qərarlarla özləri-özlərini “vurmuş” oldular. Günü-gündən dağılan futbola əlavə vitse.-prezident postları gətirildi. İcraçılığı əlavə etməklə köhnə-yeni vitse-prezidentlərlə birgə özlərinin də 10-15 ildə heç bir faydalı iş görmədiklərini təsdiq etmiş oldular. Ümumilikdə isə hər biri ayrı-ayrılıqda tam məsuliyyət daşıyırlar. İcaiyyə Komitəsi isə faktiki olaraq formal bir əl qaldırma, qeyd olunan fərdlərə uyğun səs vermə məkanına çevrilib. Sistem futbola qulluq etməyənə kimi belə də davam edəcək.

– Almanların futbol mütəxəssisləri Bakıda olanda şəhərdə xeylu uzun boylu insanlarla rastlaşdıqlarını, amma meydançada daha çox bəstəboyları gördüklərini dilə gətirmişdilər. Demişdilər ki, Almaniyada əvvəl uca boyluları seçirlər, sonra onlara futbol oynamağı öyrədirlər. Dünya səviyyəsinə yüksəlmələri üçün bizim futbolçularımızda hansı keyfiyyətlər çatmır və onlar bu keyfiyyətləri necə qazana bilərlər?

 – Yaxşı ki, Maradona, Messi Almaniyada doğulmayıblar. Heç alman futbolunun ən məşhur hücumçularından olmuş Herd Müller də elə bir boyla seçilməyib. Kökündən yanlış fikirdir. Futbol basketbol deyil ki, boy məsələsi bir nömrəli olsun. Futbolda boy amili qapıçılara, mərkəz müdafiəçilərinə, qismən dayaq yarım müdafiəçilərinə, mərkəz hücumçularına aid olan məsələdir. Digər tərəfdən hər ölkənin, bölgənin öz futbol ənənələri var. “Alman maşını” sistemi tam fərqlidir, Braziliya, İspaniya bir başqadır, Italiyanın öz futbol fəlsəfəsi var və s. 20-25 il öncə futbol daha sürətli, dayanıqlı olmağa başlayanda, güc futboluna, seçimlərə üstünlük verilməyə başladı. Tədricən yanlış yol olduğu müəyyənləşdi və yenidən daha sürətli, texnikalı, yaradıcı oyun tərzinə qayıdıldı. Hətta son illərin Ingiltərə liqasında da “başsız atlı” futbolundan uzaqlaşaraq, mübarizliyin qalması şərtilə daha çox texniki-taktiki elementlərlə üstünlük verilir.
Azərbaycan futbolunun öz kökü, tarixi ənənələri, oyun üslübü var. Alman modeli Azərbaycan futboluna yad bir sistemdir. Federasiya cavabdehləri futbolun dərinliyini peşəkar səviyyədə bilsəydilər, heç vaxt almanlar Azərbaycanda bu qədər şans qazanmazdılar. Alman modeli Norveç, İslandiya kimi ölkələrdə keçərli ola bilər. Azərbaycan futbolunun ruhu İspaniya, Portuqaliya, Cənubi Amerika futboluna daha yaxındır. Prosineçki və ölkəmizdə çalışmış digər mütəxəssislər dəfələrlə vurğulayıblar, Azərbaycanda futbol istedadları yetərincədir. Bəla, yuxarıda qeyd olunan futbola qulluq edən işlək mexanizmin, sistemin olmamasındadır. Böyük ölçüdə futbolçular günahkar deyil, “bataqlıqda” istedadlar da batır. Burada tək futbol yox, digər amillər də təsirini göstərir. Milli mentalitet, ümumi təhsil və s. Əsas isə futbolun özü, daha doğrusu, futbolsuzluq, vahid və ardıcıllığı təmin edən keyfiyyətli mexanizmin olmaması, yaradılmamasıdır.

– Siz bu sahəyə cavabdeh şəxs olsanız, öncə nədən başlayarsız? Görüləcəyi vacib olan üç işi sıralaya bilərsiniz?

– Peşəkar futbolda xırdalıq olmur, bütün məsələlər incələyinə kimi vacibdir və bir-birini mütləq şəkildə tamamlamalıdır. Zavod, fabrikdə hansısa bir sex çalışmasa, zəif olsa, nəticədə son məhsul olmayacaq və ya ən yaxşı halda keyfiyyətsiz alınacaq. Futbolda da belədir. Vacib 2-3 sahə yoxdur, bütün sahələr önəmlidir və keyfiyyətli ardıcıllıqla bir-birini yekunlaşdırmalıdır. Əks halda vəziyyət indiki kimi olur və pambıq tarlalarındakı keçmiş “pripiska”lar olduğu kimi kağız üzərində 200 min futbolçu “yetişir”. Milli, yaş qrupları üzrə yığmalar, 8 komandalı çempionata isə bacarıqlı futbolçular tapılmır. Suala konkret cavab olaraq qəti bildirirəm, Azərbaycanda futbolunu qısa zamanda dirçəltmək mümkündür. Bunun üçün ölkə futbolunda potensial var…
Dövlət proqramı qəbul ediləndə İslandiya futbolu dirçəlmək yolunda baş sındırırdı, minimal vəsait axtarışındaydı. 10 ildə onlar haralara yüksəldi, yüz milyonların qarşılığında Azərbaycan haralara tuvarlandı. “Təbliğat maşını” gecə-gündüz Kosovo, Lüksemburqu tərifləyir, yerində saymadıqları, inkişafda olduqları vurğulanır. Heç kim araşdırmır ki, qeyd olunan və olunmayan ölkələrin yuxularında da görmədikləri vəsaitlə Azərbaycan futbolu niyə geriləyir?! Ölkə futboluna yanaşma, düşüncə tərzi dəyişməlidir. Futbolda komfort ömürlərini sürə-sürə məğlub psixologiyanın aşılanması, dost-tanış yığını ilə futbol irəli gedə bilməz. 
Nə yazıq ki, eyni mənzərə illərdi davam edir. Azərbaycanda futbol bəlkə yeganə sahədir ki, bu qədər kütləvi və ən əsası, haqlı narazılıqlar ola-ola heç bir önəmli kadr dəyişiklikləri baş vermir. Bu da düşündürücü məqamdır…

– Hər ötən dövr futbol idmanına ümid çiçəkləyir, yoxsa öləziyir?

– Belə vəziyyətdə təbii ki, geriləyir. Futbol bir qrup adamların əlində qazanc mənbəyinə çevrilib. Bu insanlar tək futbola qarşı deyil, xalqa, dövlətçiliyə, sağlam genefondun yetişməsinə də mane olur. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button