Azərbaycan futbolunda Rövnəq Abdullayev dövrü bitir

Gələn il Azərbaycan futbolunun rəhbər postlarında köklü dəyişikliklərin olacağı gözlənilir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, dəyişikliyin lap başda – AFFA prezidenti postu ilə bağlı olacağı bildirilir. 2008-ci ildən Azərbaycan futboluna rəhbərlik edən Rövnəq Abdullayevin nəhayət, prezident postundan uzaqlaşdırılacağı gözlənilir.

Əslində, son vaxtlar Azərbaycanda baş verən proseslər də Abdullayevin tezliklə AFFA prezidenti postundan gedəcəyinə işarədir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı baş verənlər dəyişikliyin başqa sahələrdə də olacağı ehtimalını artırır. Bir sözlə, “köhnələr” gedir, “yenilər” gəlir. 14 ildir Azərbaycan futbolunun başında dayanan Rövnəq Abdullayev də idarəçi kimi artıq “köhnəlib”.

Abdullayevi “Neftçi”nin Müşahidə Şurasının yeni sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəfin əvəz edəcəyi ehtimalı çoxdur. Amma bu, sadəcə ehtimaldır. AFFA-nın yeni prezidentinin hakimiyyətin nisbətən fərqli “qolundan” olması da mümkündür. Xülasə, AFFA-da FİFA üçün növbəti dəfə saxta seçkilər keçiriləcək.

Hazırda AFFA prezidenti postu ilə yanaşı, iqtisadiyyat nazirinin müavini vəzifəsini də daşıyan Rövnəq Abdullayevin gedişi ilə ölkə futbolunun idarəçiliyində xeyli dəyişikliklər olacaq. Ancaq bu dəyişikliyin Azərbaycan futboluna nə qədər xeyir verib-verməyəcəyini indidən proqnozlaşdırmaq çətindir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button