“Azərbaycan futbolunda reqlament, qayda-qanun amili çoxdan basdırılıb” – SORĞU
Növbəti mövsümdən birinci divizionun iki komandasının – “Kəpəz”lə “Turan Tovuz”un Premyer Liqada iştirakı gözlənilir. Hansı ki, bu komandalardan heç biri aşağı dəstədə yüksək yerlərdə qərarlaşmır. Xülasə, həm “Kəpəz”in, həm də “Turan Tovuz”un Premyer Liqaya buraxılması birbaşa reqlament pozuntusudur.
Komanda.az bu məsələ ilə bağlı jurnalistlərin və futbol mütəxəssislərinin fikirlərini öyrənib.
Onlara iki sualla müraciət etdik:
Bu reqlament pozuntusuna haqq qazandırmaq olar? Başqa bir çıxış yolu tapmaq mümkündürmü?
Natiq Muxtarlı (“Kaspi” qəzeti)
“Azərbaycan futbolunda illər uzunudur ki, reqlament ancaq kağız üzərindədir. Futbol təsərrüfatında əsasnamə, reqlament yox, funksionerlərin səbatsız göstərişləri hökm edir. İndiki AFFA rəhbərliyi bu təsərrüfatı qayda-qanunla yox, maraqlarının tələb etdiyi çərçivədə idarə ediblər. Ona görə də, belə reqlament pozuntusuna heç cür haqq qazandırmaq olmaz. Amma digər tərəfdən, onu da nəzərə alaq ki, “Kəpəz” və “Turan Tovuz” Premyer Liqaya buraxılmasa, deməli, yenə də birinci dəstədən heç bir komanda elitaya gəlməyəcək. Bunun özü də reqlamentin pozulmasıdır axı. Deməli, biz iki pis pozuntudan “yaxşısını” qəbul etmək zorundayıq. Yəni “cəhənnəmə ki, reqlament pozulur, heç olmasa, bölgələrdə futbol olacaq” düşüncəsinə söykənirik. Bilmirəm, buna haqq qazandırmaq olar, ya yox. Amma başqa əlacımız da yoxdur. Azərbaycan futbolunu monopoliyasında saxlayan “istedadlı dələduzlar” elə mühit, elə idarəetmə sistemi formalaşdırıblar ki, biz pisin yaxşısını seçə bildiyimiz üzün təsəlli tapırıq. Dünənə qədər “bölgələrdə futbol yoxdur” deyirdik. Bu gün reqlament pozulsa da, bölgələrə futbolun qayıtmasını dəstəkləyirik. Amma bir məsələ gün kimi aydındır: belə rəhbərliklə reqlament pozuntusu həmişə olacaq. Azərbaycanda futbolun xilas yolu “Kəpəz”in, “Turan Tovuz”un elitaya buraxılması deyil, hazırkı AFFA rəhbərliyinin tam tərkibdə istefaya göndərilməsidir”.
Şahin Diniyev (Azərbaycan millisinin keçmiş baş məşqçisi)
“İlk növbədə həm Gəncəni, həm də Tovuzu Premyer Liqaya çıxdıqları üçün təbrik edirəm.
Reqlament pozuntusuna gəlincə, doğrudur, idman prinspi ilə Premyer Liqaya birinci yer tutanlar adlayırlar. Lakin son vaxtlar bizdə idman prinsipi aradan qaldırılıb. Razıyam, bu məsələlər idman prinsipi ilə olsa, daha yaxşı olardı. Amma bizdə birinci yeri tutan klublar lisenziya şərtlərinə cavab vermirlər. Problem budur. Lisenziyalardan başqa, AFFA-nın yox, UEFA-nın verdiyi qərarlardan da çox şey asılıdır. Bu qərarlarda lisenziya şərtləri var və onlara əməl etmək lazımdır. Orada bir şərt göstərilmir, uşaq futbolundan tutmuş, baza, stadionlarla bağlı çox şərtlər var. Həmin şərtlərə əməl etmək lazımdır ki, səni qəbul etsinlər.
“Qaradağ Lökbatan”, MOİK-in qəbul olunmamasının səbəbi də lisenziya şərtlərinə cavab verməmələridir. Gələcəkdə üç liqa olsa, idman prinsipinə uyğun olaraq komandaların bir liqadan o biri liqaya adlaması, düşməsi və ya qalxması daha yaxşı olardı. Gələcəkdə üç liqa olduqda, birinci dəstədə oynayan klublar Premyer Liqaya qalxmaq istəsə, lisenziya şərtlərinə hazır olmalıdırlar ki, problem yaranmasın”.
Səbuhi Səfiyarlı (menecer)
“Təbii ki, birinci yeri tutan komanda Premyer Liqaya yüksəlmirsə, Premyer Liqanı heç kim tərk etmirsə, bu, reqlamentin pozulması kimi görünə bilər. Lakin belə təqdim edilir ki, birinci yeri tutan komanda şərtlərə cavab vermir və yaxud oynamaq üçün lazım olan tələbləri ödəmir, bank təminatını təmin edə bilməyib, ona görə də aşağı yer tutanlara müraciət olunub. “Kəpəz” və “Turan Tovuz”a gəlib çıxıblar. Bunu bir az “malalamaq” olar. Lakin Premyer Liqanı heç kimin tərk etməməsi yaxşı hal deyil. Çempionat başlayan zaman əsasnamə təsdiqlənir və ola bilməz orada yazılmasın ki, sonuncu yeri tutan komanda hansısa şəkildə çempionatı tərk etməlidir. Mən əvvəllər də demişəm ki, sonuncu yeri tutan komanda birinci divizionda birinci yeri tutan komanda ilə keçid oyunu oynasın. Bu bir oyun olacaq, yoxsa iki oyun, artıq sonrakı işdir. Bir çox ölkələrdə var bu hallar. Sonuncu yerdə olan komanda gücünü sübut etsə, qalsın oynasın. Əksi olsa, digər komanda gəlsin Premyer Liqaya”.
Kənan Həsənov (Futbol+)
“Reqlamentin pozulması birinci dəfə deyil. Ümumiyyətlə, Azərbaycan futbolunda reqlament, qayda-qanun amili çoxdan basdırılıb. Bunun da bir səbəbi odur ki, Azərbaycan futbolunda müstəqil klubların sayı azdır. Sözünü deyən klublar demək olar ki, yox dərəcəsindədir. Klubların çoxunun normal strukturu, maliyyə təminatı yoxdur. AFFA-dan maliyyələşən klublardırsa, o zaman AFFA-nın çaldığı havaya oynamalı, dediyi ilə oturub-durmalıdırlar. İndiki halda reqlamentin pozulmasını qabartmaq yersiz məşğuliyyətdir. Nə qədər ki, klublar AFFA-dan asılı vəziyyətdə olacaq, reqlament pozuntusunu qabartmağa ehtiyac qalmayacaq”.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin