Azərbaycan futbolunun legioner dərdi: Onlara harada ehtiyac var?
Əmir
Ayrı vaxt “Azərbaycanda futbol yoxdur” deyirik. Amma maşallah, hər həftə ölkə futbolu ilə bağlı yeni mövzu gündəmə gəlir, yeni müzakirələr başlayır. Olmayan bir şeydə bu qədər mövzu necə ola bilər? Deməli, nəsə var ki, onunla bağlı danışırıq.
Azərbaycan futbolu ilə bağlı son günlərin gündəmi isə legioner limitinin ləğvi məsələsidir. Ki, yerli Premyer Liqada legionerlərə hansısa limit tətbiq olunsun, ya yox? Hazırkı limitimiz 7+4-dür. Yəni, start heyətində meydanda maksimum 7 əcnəbi futbolçu yer ala bilər. Bununla yanaşı, start heyətində ən azı 4 Azərbaycan vətəndaşı olan futbolçu yer almalıdır.
Limitin həm lehinə, həm də əleyhinə olanlar son bir neçə gündə öz mövqelərini ortaya qoyublar. Hərənin özünə görə haqlı səbəbləri var. Lakin limitə əks mövqedə olanların bəzi fikirləri mənə heç cür çatmır. Bir yandan ölkəyə aşağı keyfiyyətli legionerlərin gətiriləcəyini iddia edirlər, digər yandan yerli futbolçuların bu aşağı keyfiyyətli legionerlərlə mübarizədə uduzub, əsas heyətdən və iddialı klublardan kənarda qalacağını deyirlər. Bunlarla yanaşı, hətta bu aşağı keyfiyyətli legionerlərlə mübarizə apara bilməyəcəyini iddia etdikləri futbolçuların yüksək liqa klublarında məcburan şans qazanmalı olduğunu tələb edirlər. Üstəgəl, ölkə çempionatının “Zirə”, “Neftçi”, “Sabah” (“Qarabağ”ı bu siyahıya aid etməyi artıq hesab edirəm) kimi klublardan bu futbolçularla avrokuboklara vəsiqə qazanıb, orada hətta liqa mərhələsinə vəsiqə qazanmalarını gözləyirlər. Burda sizə də nə isə yanlış gəlmir, cənablar? Axı özünüz həmin futbolçuların hətta aşağı keyfiyyətli legionerlərlə mübarizədə kölgədə qalacağını iddia edirsiz. İndi necə olsun ki, klublar heyətinin 30-40 faizini həmin futbolçulardan təşkil etməklə yaxşı nəticələr qazansınlar? Ən maraqlısı odur ki, səviyyəsinə şübhə ilə yanaşdığınız bu oyunçular elə Azərbaycanda 6+5 (7+4 də yox ha!), üstəlik 21 yaş limitinin tətbiq edildiyi dövrlərdə yetişib. Deməli, bu limit heç də azərbaycanlı balalarının inkişafına “yaşıl işıq” yandırmayıbmış.
Arada Avropada əsas mərhələyə vəsiqə qazana bilməyən Azərbaycan klublarına nümunə kimi hətta Ermənistan “Nuh”unu (bu mövsümdə Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb) göstərildiyinin şahidi olmuşam. Görəsən, bu cür nümunə çəkənlərin Ermənistandakı legioner limitindən və “Nuh”un heyətinin neçə faizinin yerli futbolçu olmasından xəbəri varmı? Və ya, bir neçə il öncə Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Real”ı məğlub edən Moldova “Şerif”indən ağızdolusu danışanda Tiraspol təmsilçisinin heyətində neçə moldovan futbolçu görmüşdüz?
Cənablar, yerli futbolçuların mütləq oynamalı olduğu yer MİLLİ KOMANDADIR!
Qoy, milli komandaya layiq olduğunu iddia edən azərbaycanlı futbolçular ilk öncə klublarda ortabab legionerlərlə mübarizədə özlərini sübut etsinlər. Onda bəlkə, daha möhkəm MİLLİ KOMANDA gördük.
Çempionatda limitin ləğv olunmasına etiraz etməkdənsə, milli komandada Azərbaycana aidiyyatı olmayanların milliləşdirilməsinə qarşı olaq. Klublarda pasportunun rəngindən asılı olmayaraq layiq olan futbolçular, milli komandada isə bu futbolçularla rəqabətdən üstün ayrılmış, yaşıl pasportlu azərbaycanlılar oynasın!
Bizi Facebook-da izləyin