Azərbaycan çempionunun Avropa arenasında 72-ci sınağı

Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) sabah UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, təmsilçimiz Ukraynada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli ölkə çempionu “Uraqan”la yanaşı, Rumıniyanın “Yunayted Qalati” və Kosovonun “Liqeni” komandası ilə üz-üzə gələcək.

Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa “Turan AİR” ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb.

Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. İndiyə qədər “Araz” bu turnirdə 71 oyun keçirib. 2005-ci ildə debüt edən təmsilçimiz iki dəfə “dördlər finalı”na vəsiqə qazanıb və hər iki cəhddə bürünc medal qazanıb. Yeri gəlmişkən, çempionumuzun ikinci dəfə iştirakçısı olduğu “dördlər finalı” 2014-cü ilədə Bakıda təşkil olunub.

71 oyunun birində “Araz”a texniki məğlubiyyət verilib. Halbuki həmin qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu matçların 36-da Naxçıvan klubu qələbə qazanıb, 9 görüşdə isə xallar yarı bölünüb. 26 oyunda meydanı xalsız tərk edən ölkə çempionu 279 qol vurub, 221 dəfə topu qapısından çıxarıb. “Araz”ı 3 oyuna Hacıbala Abdullazadə, sonrakı 6 matça isə Arkadi Belıy çıxarıb. Məmmədqulu Zeynalovun rəhbərliyi altında 3 beynəlxalq oyun keçirən təmsilçimiz Böyükağa Hacıyevlə 6 qarşılaşmada gücünü sınayıb. Tino Peres komandamızı 3, Milton Luis Ziller Junior isə 6 görüşə çıxarıb. “Araz” ən çox Alesionun rəhbərliyi altında meydana çıxıb – 44 oyun.

UEFA kuboku 2018/19 mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button