Azərbaycan çempionatının püşkü atıldı
Dekabrın 20-də Bakı İdman Sarayında start götürəcək güləş üzrə Azərbaycan çempionatı ilə bağlı məşqçilərin iclası keçirilib.
Komanda.az xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak ediblər.
İclasda hər zaman olduğu kimi, məşqçilərdən nizam-intizam qaydalarına və etik normalara maksimum riayət etmək və bu barədə idmançıları təlimatlandırmaq tələb olunub. Yarışda fərqlənəcək güləşçilərin milli komandaların təlim-məşq toplanışlarına cəlb ediləcəyi və Paris-2024 Yay Olimpiya Oyunlarına gedən yolda bu çempionatın böyük önəm kəsb etdiyi vurğulanıb. İclasda digər vacib məsələlər də mütəxəssislərin nəzərinə çatdırılıb, həmçinin onların fikirləri dinlənilib.
Yarışın ilk 2 günündə yunan-Roma güləşində ölkə çempionları müəyyənləşəcək. Tədbirdə güləşin bu növü üzrə püşkatma mərasimi də keçirilib.
Görüşlər hər gün saat 10:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar 16:30-dan etibarən İdman TV vasitəsi ilə canlı yayımlanacaq.
Bizi Facebook-da izləyin