Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatının açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq və digər federasiyaların rəsmiləri iştirak ediblər.

Öncə komandaların paradı təşkil olunub. Ardınca Dövlət Himni səsləndirilib və Ulu Öndərin Azərbaycan idmanına töhfələrini əks etdirən videoçarx göstərilib.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, bu il ölkəmiz taekvondo üzrə böyüklər arasında dünya çempionatına ev sahibliyi edib, mundiala Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax gəlib. Onun sözlərinə görə, 2023-cü il ölkəmiz üçün uğurlu olub və idmanda da kifayət qədər uğurlar əldə olunub.

İştirakçılara uğurlar arzulayan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında Azərbaycan birincilikləri və çempionatının Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə ithaf olunduğunu deyib. O bildirib ki, Olimpiadaya dörd mümkün lisenziyadan biri artıq qazanılıb və 3 şansımızın qalması çox sevindiricidir.

Ardınca Bakıda keçirilən dünya çempionatına və Dünya Taekvondosunun 50 illik yubileyinə həsr olunan videoçarx təqdim olunub, taekvondoçulardan ibarət “Nümunəvi çıxışlar komandası” bacarıqlarını nümayiş etdiriblər.

Tədbir bədii hissə ilə davam etdirilib. Yekunda Fərid Qayıbov, Kəmaləddin Heydərov, Çingiz Hüseynzadə və Li İn-Yonq qalibləri mükafatlandırıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında 76 komanda mübarizə aparır. Yarışlar dekabrın 28-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button