Azərbaycan çempionatında ilk: “Neftçi” 100-ə çatdı
Premyer Liqanın19-cu turunun “Neftçi” – “Keşlə” oyunu (3:1) tarixi qolla əlamətdar olub.
Komanda.az xəbər verir ki, meydan sahiblərinin görüşdə vurduğu 3-cü top “ağ-qaralar”ın rəqibinin qapısından keçirdiyi 100-cü qol olub. Bu, komandalar arasında Azərbaycan çempionatları tarixindəki 65-ci matça təsadüf edib. Bu oyunadək “Keşlə”nin qapısından 97 top keçirən “Neftçi”nin 100-cü qoluna Namiq Ələsgərov imza atıb.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. İndiyədək heç bir komanda eyni rəqibə 100 və ya daha çox qol vurmayıb. Ölkənin ən titullu klubunun “Keşlə” ilə görüşlərdəki orta məhsuldarlığı 1,54-ə bərabərdir.
Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adlanan indiki “Keşlə” ilə matçlarda “Neftçi”nin ilk qolu 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də səfərdə qazanılan 3:2 hesablı qələbə zamanı “Xəzər Universiteti”nin qapısına ilk topu 5-ci dəqiqədə hazırda “Keşlə”də çalışan Zaur İsmayılov vurub.
Bu komandaların oyunlarında “Neftçi” 35 qələbə qazanıb. 63 qola imza atan “Keşlə” 15 dəfə qalib gəlib, eyni sayda matçda heç-heçə qeydə alınıb.
Bizi Facebook-da izləyin