Azərbaycan çempionatı: Növbəti görüşlər keçirildi
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 6-cı turun görüşləri keçirilib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) Komanda.az-a verilən məlumata görə, hesabat turunda yeganə “sülh” Ləman Hacıyeva və Xanım Balacayeva arasındakı dueldə qeydə alınıb.
Yarışın lideri Ayan Allahverdiyeva 6-cı turda Zeynəb Məmmədyarovanı məğlub edib. Qara fiqurlarla oynayan 2022-ci ilin Azərbaycan çempionu Gövhər Beydullayeva da Xəyalə Abdulladan üstün olub.
Türkan Məmmədyarova Nərmin Abdinovaya, debütant Nurtan Nuriyeva isə Səbinə İbrahimovaya uduzub. Gülnar Məmmədova bu tur istirahət edib.
Altı turdan sonra aktivində 4,5 xalı olan Ayan Allahverdiyeva birinci pillədə qərarlaşıb. Liderdən yarım xal geri qalan Gövhər Beydullayeva ikinci sıradadır. Hərəyə 3,5 xalı olan Səbinə İbrahimova və Xanım Balacayeva müvafiq olaraq, 3-4-cü yerləri bölüşdürürlər.
Ölkə çempionatı fevralın 14-də sona çatacaq.
Bizi Facebook-da izləyin