Azərbaycan boksçuları Monteneqroya yollandı
Martın 14-də Monteneqronun Budva şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir başlayacaq.
Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, beş gün davam edəcək yarışda yığma 14 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadə Budvada Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq) və Səbuhi Əlizadəyə (92 kq) şans verəcək.
Qızlardan ibarət milli məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında mübarizə aparacaq. O, turnirdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq), Qızbəs İsgəndərli (57 kq) və Emili Rzayevanı (66 kq) sınayacaq.
Yarışda hakimlər sırasında isə Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyev olacaq. Bu gün Monteneqroya yollanan komanda martın 20-də Bakıya qayıdacaq.
Turnirdə 23 ölkədən 191 (55 qız, 136 oğlan) boksçunun iştirakı gözlənilir.
Bizi Facebook-da izləyin