Azər Məmmədov: “Büdcəmiz istədiyimiz transferləri reallaşdırmağa imkan vermir”

2022/23 mövsümünü Premyer Liqada 8-ci pillədə başa vuran “Kəpəz” təlim-məşq toplanışına Gəncədə start versə də, “sarı-göylər” hazırda Bakıdadır. Onlar iki gün öncə – iyulun 14-də “Zirə” ilə yoxlama oyununda üz-üzə gəliblər. Həmin matçda bölgə təmsilçisi Rəşad Sadıqovun komandasına uduzub – 1:2.

“Qartallar”la matçdan sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədovla əlaqə saxladıq. O, Komanda.az-a açıqlamasında 2023/24 mövsümü üçün gedən hazırlıq prosesini dəyərləndirdi və transferlərdən söz açdı:

“Hazırlıqlar normal keçir. Pis olan məqam ölkə xaricinə çıxa bilməməyimizdir. Doğrudur, rəqiblərimiz güclənir. Biz də çalışırıq ki, yaxşı kollektiv formalaşdıraq və qarşıdakı mövsümdə bacardıqca yuxarı pillələrdə qərarlaşaq. Hələlik komandaya iki legioner və beş yerli futbolçu cəlb etmişik. Daha iki legionerlə güclənməyi planlaşdırırıq. Həmin transferlərin orta xətt üçün olacağını düşünürük. Hazırkı büdcəmiz istədiyimiz transferləri reallaşdırmağa imkan vermir”.

Məmmədov yeni mövsümə hazırlıq çərçivəsində bu günə qədər iki yoxlama oyunu keçirən Gəncə klubunun (“Səbail” 1:2, “Zirə” 1:2) çıxışı haqda da danışıb:

“Yoldaşlıq görüşlərində yorğunluq müşahidə edildiyi üçün nə nəticə, nə də məzmunlu oyun tələb edirik. Bizim istədiyimiz həmin matçlarda çatışmazlıqları görmək və onların üzərində daha çox işləyərək inkişaf etməkdir”.

Baş məşqçi klub rəhbərliyi ilə münasibətləri barədə də fikirlərini bölüşüb:

“Rəhbərliklə münasibətimiz çox yaxşıdır. İlqar müəllim (“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri) də, biz də “Kəpəz” üçün hər şeyin daha yaxşı olması üçün çalışırıq. Onların bizdən əsas istəkləri yaxşı, mübariz və mehriban kollektiv formalaşdırmaqdır”.

Azər Məmmədov “Kəpəz”in nigeriyalı forvardı Abdullahi Şuaybunun zədəsi ilə bağlı son durumu da diqqətə çatdırıb:

“O, individual məşqlərdən sonra zədəsini tam sağaldıb. Şuaybu artıq komanda ilə məşqlərə başlayacaq”.

Məmmədov, “Şuaybunu transfer etməklə bağlı klubunuza müraciət daxil olub” sualını belə cavablandırıb:

“Bildiyimə görə, onunla maraqlanan klublar olub. Lakin onun komandada qalmasını mən istədim. Nəticədə, rəhbərlik onu satmaqdan imtina etdi”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button