Azər Məmmədov: “Bizə vaxt laızmdır”
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Turan Tovuz”a təşəkkür edirəm ki, bizə qucaq açdılar. İki fərqli hissə izlədik. İlk yarıda komandamız daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq, alınmadı. Təbii örtükdə məşq etdiyimiz üçün bu gün komandada yorğunluq yarandı. Süni örtük öz təsirini göstərirdi. “Zirə” çempionatda ən az top buraxan komandadır. Oyunun ədalətli nəticəsi heç-heçə idi.
Maliyyə baxımından hamıdan geri qalırıq. Özüm də özümə sual verirəm ki, necə olur liderlərdən xal götürürük, daha asan rəqiblərdən isə xal ala bilmirik. Komandanın 80 faizi yenilənib. Futbolçuların adaptasiya alması üçün vaxt lazım olur. Bu proseslərdən keçirdik. İkinci dövrədə daha fərqli “Kəpəz” olacağıq.
Mən gəncəlidən əvvəl azərbaycanlıyam. İstefa tələblərinə gəldikdə isə, söz vermişəm ki, komandanı tam düzəldənə kimi sosial şəbəkələrlə maraqlanmayacağam. Mən bir “Kəpəz”sevən kimi, bir gəncəli kimi İlqar Nadirini hər yerdə dəstəkləyəcəyəm. Burada işləsəm də, işləməsəm də. O insanda səmimilik görürəm. Necə dəstəkləməyim? “Kəpəz” üçün əlindən gələni edir. Mənim də istefamı istəyirlərsə, tənqidə açığam. Bəzi azarkeşlərə də haqq qazandırmaq lazımdır. Daha yaxşısını etmək istəyirik. Bizə vaxt laızmdır”.
Bizi Facebook-da izləyin