
Azər Bağırovun göndərilməsindəki qanunauyğunluq
Fəxri Rüstəmli
Azər Bağırovun “Kəpəz”dən ayrılması (göndərilməsi) heç də birmənalı qarşılanmadı. Əksəriyyət, xüsusən də, mətbuatda çalışanların çoxu Bağırovun növbəti mövsümdə də Gəncə klubunda qalmalı olduğunu düşünürdü. Amma olan oldu və artıq “Kəpəz” özünə yeni baş məşqçi axtarır.
Düzdür, Bağırovun başçılığı altındakı “Kəpəz” son mövsümdə bəzi matçlarda mübariz, döyüşkən komanda təsiri bağışlamışdı. Ən əsası, komanda Premyer Liqadakı yerini qorudu. Amma…
Amma əlahəzrət statistika Bağırovlu “Kəpəz”in son mövsümdə Premyer Liqada ən zəiflərdən, pardon, hətta ən zəif olduğunu göstərir.
Belə ki, Gəncə təmsilçisi mövsüm ərzində ən çox qol buraxan (65) komandadır. Eyni zamanda, “Kəpəz” Premyer Liqanı tərk edən “Səbail”lə birlikdə rəqib qapılarına ən az yol tapan iki komandadan biridir – 28 qol.
Büdcəsi “Kəpəz”dən heç də yüksək olmayan “Şamaxı” statistik göstəricilərdə gəncəlilərdən daha yaxşıdır və bu özünü turnir cədvəlində də büruzə verir. “Şirlər” Premyer Liqada mövsümü 36 xalla, turnir cədvəlinin 7-ci pilləsində başa vurduğu halda, ölkənin ikinci ən böyük şəhərinin komandası yalnız aşkar autsayder “Səbail”dən öndə, 9-cu yerdə bitirdi. Və düşünün ki, “Səbail” mövsümün ortasında sahibsiz qalmasaydı, komandada baş məşqçilər əlcək kimi dəyişilməsəydi, nələr baş verərdi. Çox güman, Premyer Liqanı tərk edən “Səbail” yox, “Kəpəz” olacaqdı.
Yəqin ki, “Kəpəz”in yeni rəhbərliyi də bizim kimi, turnir cədvəlinə baxır. Komandanın bütün göstəricilərdə rəqiblərindən nə qədər geri qaldığını onlar da görür. Belədə, bəlkə də, Azər Bağırovun göndərilməsində qəbahətli, qeyri-adi bir şey yoxdur.
Bizi Facebook-da izləyin


