Azər Bağırov: “Oyun paltardəyişmə otağında, duşun altında başa çatır”
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Şamaxı”nın qonağı olub.
Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn Gəncə klubunun baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun alındığını bildirib:
“Maraqlı oyun alındı. Penaltidən yararlana bilmədik. Rəqibin döyüşkən komanda olduğunu bilirdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb.
Oyunçularım sağ olsunlar, yaxşı döyüşdülər, qələbə qazandıq. Motivasiya baxımından futbolçularımın heç bir problemi yoxdur. Meydanda maksimum vuruşmalısan. Oyun paltardəyişmə otağında, duşun altında başa çatır. Ona görə də, oyunçularıma tapşırmışdım ki, meydanda olduğun müddətdə maksimum döyüşməlisən.
Rəqib sənə qarşı döyüşürsə, sən də ağıllı oyunla bunun qarşısını almalı deyilsən. Ona görə, oyunçulara demişdim ki, meydanda döyüşmək, vuruşmaq lazımdır. Birinci hissədə, evdə oynadığına görə rəqibin üstünlüyü hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı çıxış etməyə başladıq.
Penaltiyə gəlincə, kim özünə inanırsa, o da yerinə yetirəcək. Heç bir problem yoxdur, Paçu bu gün vurmayıbsa, növbəti oyunda vurar”.
“Kəpəz” növbəti turda “Zirə” ilə üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin