Azər Bağırov: “Nəticələrimiz bugünkü heyətlə qənaətbəxşdir”
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sumqayıt”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov yaxşı qol epizodlarının olduğunu bildirib:
“Futbolda bəzən yazılan-yazılmayan qaydalar var. Komanda yaxşı oynayıb sonda məğlub olur, qələbə qazana bilmir. Yaxşı qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Davam edib 3-cü, 4-cü mövsümlərdə daha yaxşı nəticələr qazanacağıq.
Komanda bu qədər qol epizodu yaradır, amma fərqlənə bilmirik. Çempionata baxsaq, bəlkə də, heç bir komanda bu qədər qol vəziyyətləri yarada bilməyib. Buna görə üzülürük. Düşünürəm ki, nəticələrimiz bugünkü heyətlə qənaətbəxşdir.
Oyunçular arasında bəlkə də, ən çox qaçan, mübarizə aparan futbolçu Braqa idi. Yəqin ki, ustalıq çatışmır. Ümumilikdə oyunçularım yaxşı çıxış etdilər”.
“Kəpəz” növbəti turda “Turan Tovuz”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin