Azər Bağırov: “Futbolçuların bilərəkdən nələrsə etdiyini düşünmürəm”

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov 0:4 hesablı darmadağını belə şərh edib:

“Oyun barəsində çox danışmağa dəyməz. Nəticə oyun başlamamış bəlli idi. Tovuzluları təbrik edirəm.

Dünən futbolçularla görüş oldu. Həmin görüşün neqativ nəticəsi də bu gün meydanda göründü. Rəhbərliklə fikirlərimiz üst-üstə düşmədi. Belə qərara gəldik ki, yollarımızı ayıraq. “Kəpəz” barədə çox danışmaq istəmirəm. Mənim öz baxışlarım var.

Futbolçuların bilərəkdən nələrsə etdiyini düşünmürəm. Heç vaxt belə bir şey ola bilməz. Mənim burada haqqım var. Ona görə haqqım var ki, ailəmdən daha çox vaxımın çoxunu burada keçirmişəm. Mən həmişə futbolçulara bir söz demişəm ki, həmişə düz olmalısan. Düz olsan, hər şey rahat olacaq.

Əsla peşman deyiləm. Bəlkə, həftələr əvvəl bu baş versəydi, “Kəpəz” Premyer Liqada qalmayacaqdı. Amma mən düşünürəm ki, bu azarkeşlər gələn il də “Kəpəz”i burada görməlidirlər. Çünki Gəncəyə böyük futbol yaraşır.

Aleksey Baqanın gəlməsi ilə bağlı mediadan oxuyurduq. Amma belə deyim, şərtlər məni qane etmədi, mən komandadan ayrılıram. Kim gəlirsə, gəlsin, əsas odur Gəncədə futbol yaşasın”.

“Kəpəz” 2024/25 mövsümünü 32 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button