Azər Əliyev: “Konfrans Liqasının qrup mərhələsinə düşmək istəyirik” – Müsahibə
“Neftçi”nin futbolçusu Azər Əliyev klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, “Matç TV Kuboku” haqda təəssüratlarını bölüşən müdafiəçi yeni mövsümə hazırlığı dəyərləndirib.
– Azər, artıq ilyarımdır “Neftçi”dəsən. Əvvəllər yarımmüdafiənin cinahlarında, həmçinin mərkəzdə də çıxış etmisən. Son vaxtlar tez-tez hücuma qoşulsan belə, əsasən müdafiənin solunda mübarizə aparırsan. Hansı mövqedə özünü daha yaxşı hiss edirsən?
– Əslində, mən müdafiənin solunda ilk dəfə Rusiyada oynamağa başlamışam. Buna görə də, bu mövqe mənə yad deyil. Burada özümü rahat hiss edirəm. Bununla belə, müdafiədə olduğu kimi, hücumda da mübarizə apara bilərəm.
– Təlim-məşq toplanışının ikinci mərhələsi “Neftçi”dən əvvəl bütün karyeranı keçirdiyin və yetirməsi olduğun Rusiyada davam edir. Bununla bağlı nə deyə bilərsən?
– Yaxşı hislər keçirirəm. Gözəl şəhərdə və yaxşı meydançalarda məşq edirik. Üstəlik, “Matç TV Kuboku”nda mübarizə aparırıq. Düşünürəm ki, yeni mövsüm üçün bu çox yaxşı hazırlıqdır.
– “Matç TV Kuboku”nda iki oyun geridə qalıb. Bu turnir haqqında da fikirlərini bilmək maraqlı olardı.
– Bu turnirdə çox güclü rəqiblərlə qarşılaşırıq. “Zenit” və “Srvena Zvezda” ilə matçlardakı nəticəyə baxmayaraq, fikrimcə, keyfiyyətli oyun göstərdik. Həm də əsas odur ki, yüklənə bildik. Təlim-məşq toplanışında olduğumuzu nəzərə alsaq, hazırda bizim üçün ən vacibi budur. Bu mənada nəticə önəmli deyil. Heyətin formalaşması və taktiki baxımdan da belə oyunlar bizim üçün çox əhəmiyyətlidir. Əminəm ki, “Fənərbaxça” ilə görüşümüz də maraqlı alınacaq.
– Daha sonra Rusiya çempionatında dəfələrlə qarşılaşdığın Moskva “Spartak”ı ilə yoldaşlıq oyunumuz olacaq. Bu matçın sənin üçün xüsusi önəmi varmı?
– Xeyr, bu görüş mənim üçün xüsusi önəm daşımır, amma təbii ki, “Spartak” kimi komandaya qarşı oynamaq xoş olacaq. Həm də qeyd etdiyiniz kimi, mən “qırmızı-ağlar”a qarşı az oynamamışam. Təlim-məşq toplanışı çərçivəsində keyfiyyətli meydançada güclü rəqiblə qarşılaşmaq maraqlı və komandamız üçün çox faydalı olacaq.
– “Neftçi” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Jelezniçar” – “Dinamo” (Minsk) cütünün qalibi ilə qarşılaşacaq. “Ağ-qaralar”ın bu mövsüm avrokuboklardakı çıxışından nə gözləyirsən?
– Açığı, hələ ki nə “Jelezniçar”, nə də Minsk “Dinamo”su haqqında məlumatım var. Bu komandaların öz aralarındakı oyunlardan sonra yəqin ki, məşqçilər korpusu avrokuboklardakı ilk rəqibimiz haqda bizə ətraflı məlumat verəcək. Amma ümumi olaraq Konfrans Liqasının qrup mərhələsinə düşmək istəyirik və bunun üçün çalışacağıq.
Bizi Facebook-da izləyin