Azərbaycanlı hakimlər – Xal oğruları

Əmir

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sabah” – “Zirə”  oyunu böyük maraq doğururdu.  Mövsümə uğursuz start verən, baş məşqçisi Ramin Quliyevin istefasından sonra keçirdiyi iki oyundan yüzfaizlik nəticə ilə ayrılan meydan sahibləri rusiyalı yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında ilk oyununa çıxırdı. Son oyunlarda formada olan “Zirə” isə bu oyundan da maksimum nəticə ilə ayrılmaq istəyirdi.

Oyunun əvvəli matça olan marağın heç də əbəs olmadığını göstərdi. Qarşılaşmanın 1-ci dəqiqəsində “Zirə” müdafiəsindəki səhvdən maksimum yararlanan “tələbələr” cari mövsümün ən erkən qoluna imza atdı. Coy-Lens Mikels “Sabah”ı hesabda irəli çıxardı. Lakin cəmi 4 dəqiqə sonra qonaqların gürcü hücumçusu Davit Volkov hesabda tarazlığı bərpa etdi.

Matçın 20-ci dəqiqəsində “Sabah”ın hücumçusu “Zirə”nin cərimə meydançasında bu komandanın müdafiəçisi Nemanya Andelkoviçlə ikili mübarizədə yerdə qalsa da, hakim “davam” işarəsi verdi. Epizodun təkrarına baxdıqda, serbiyalı müdafiəçinin həm Rodriqesin formasından dartdığı, həm də topa toxunmamaqla yanaşı, rəqib futbolçunun ayağına zərbə endirdiyi aşkar görünür.

Lakin bu epizod matçın axarına təsir etmədi. Birinci hissənin sonuna kimi oyunda daha iki qol izlədik ki, hər iki qolun müəllifi meydan sahibləri oldular. Əvvəlcə Coy-Lens Mikels dublunu rəsmiləşdirdi, matçın ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə isə zədələnərək meydanı vaxtından öncə tərk etməli olan Kristian Sebalyosun əvəzinə daxil olan Xuan Kamara “Sabah”da ilk rəsmi qolunu vurdu. İlk yarıda qeydə alınmış nəticə fasilədən sonra da maraqlı oyuna tamaşa edəcəyimizə ümid verirdi. Lakin matçın baş hakimi Kamal Umudlunun qərarları bu ümidimizin üzərindən xətt çəkdi. Oyun yenə maraqlı idman mübarizəsində davam edirdi, lakin bu mübarizə daha çox meydan sahiblərinin hesabı qorumaq üçün müdafiəyə çəkilməsindən, qonaqların isə qol vurmaq üçün irəli atılmasından ibarət idi. Matçda bu cür 180 dərəcə dəyişikliyin baş verməsinə ən böyük səbəb isə baş hakimin ikinci hissənin startındaca meydan sahiblərinin üçüncü qolunun müəllifi Xuan Kamaranı ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırması oldu.

Düzdür, Kamaranın ikinci sarı vərəqə aldığı epizodda qayda pozuntusuna yol verdiyi görünürdü, lakin burda mütləq vərəqəlik bir kobudluq yox idi. Üstəlik, müasir futbolda hakimlər əlini cibinə atmamışdan öncə futbolçuya bir neçə şans verirlər. İlk kobudluqda (kobudluq əndazəsini aşmayıbsa) şifahi xəbərdarlıq edilir, bu hal təkrarlanacağı halda sarı vərəqə, növbəti dəfəki kobud hərəkətdə isə meydandan kənarlaşdırma qərarı verilir. Xarici ölkə çempionatlarında və beynəlxalq oyunlarda hakimlərin hətta bir “sarı”sı olan futbolçulara belə, müəyyən güzəştlər etdiyinin şahidi olmuşuq. Nəzərə alsaq ki, Kamara meydana matçın 32-ci dəqiqəsində çıxıb, bu şifahi xəbərdarlığın nə vaxt edildiyi məlum olmadı. Üstəlik, futbolçu 15-16 dəqiqəyə nə qədər böyük kobudluq nümayiş etdirməlidir ki, bu cür ağır qərarla meydandan kənarlaşdırılsın? Kamara hücumameyilli oyunçudur, bu tipli futbolçular müdafiəyəmeyilli  oyunçulardan fərqli olaraq adətən meydanda sərt mübarizələrdən uzaq dururlar. Kamara meydanda olduğu müddətdə də ciddi kobud oyunu ilə diqqət çəkmədi. Amma bütün bunlara baxmayaraq, matçın baş hakimi bu cür radikal qərarı ilə oyunun sonrakı axarına birbaşa müdaxilə etdi.

Baş hakim növbəti dəfə oyunun 72-ci dəqiqəsində diqqət mərkəzinə düşdü. “Sabah”ın hücumu zamanı top açıq-aşkar “Zirə”nin müdafiəçisinin əlinə dəysə də, ikinci hissənin əvvəlindəkindən fərqli olaraq, bu dəfə hakimin fiti susdu. Oysa, Kamal Umudlu həmin epizodu çox yaxşı görürdü. Epizodun videotəkrarında qonaqların müdafiəçisinin əllə oyunu açıq-aydın görünürdü. Bu hadisə yaşanan zaman hesab meydan sahiblərinin xeyrinə idi – 3:2. Lakin baş hakimin epizodu görməzdən gəlməsi “Sabah”ı hesab arasındakı fərqi artırmaq imkanından məhrum etdi. Bir hissə azlıqda mübarizə aparan “tələbələr” rəqibin təzyiqlərinə tab gətirməyib bir qol daha buraxaraq, oyunun ilk hissəsində əldə etdiyi üstünlüyü əldən verərək, bir xalla kifayətləndi – 3:3.

Baş hakim Kamal Umudlunun “görmədiyi” penalti epizodu

Beləliklə, “Sabah” cari mövsümdə neçənci dəfə rəqiblərlə yaxşı mübarizə aparmasına rəğmən, hakimlərə məğlub oldu. Cari mövsümdə Masazır təmsilçisinin əleyhinə verilən qərarlar bir deyil, iki deyil… Gah rəqibin aşkar ofsayddan vurduğu qol qeydə alınır, gah rəqib komandanın cərimə meydançasında əllə oyunu görməzdən gəlinir (özü də bir dəfə yox), gah da rəqibin aşkar kobudluğuna göz yumulur… Əvəzində isə “Sabah”ın futbolçularının ən xırda folu belə, ən sərt formada cəzalandırılır.

“Sabah”ın böyük potensialı var. Bu komanda ilk üçlükdə qərarlaşmağa layiq heyətə, imkanlara sahibdir. Düzdür, istər cari, istərsə də əvvəlki mövsümlərdə baş vermiş uğursuzluqlarda klubun özünün də səhvləri var, amma bu tam başqa söhbətin mövzusudur.

Ədalətin pozulmadığı öncəki iki matçı “Sabah” maksimum xalla başa vurmuşdu. Mövsümün əvvəlindən ədalətli idarəçilik olsaydı, bəlkə, “tələbələr” ilk üçlükdə qərarlaşardı. Ən azından ilk pillələrdə qərarlaşmış komandalarla aralarındakı xal fərqinin daha az olacağı dəqiqdir. Hazırda isə “Sabah” 8 xalla 8 komandalı çempionatda hamıya aşağıdan yuxarı baxır. Özü də, yalnız rəqiblərinin sayəsində yox…  

P. S. Bu yazıda məqsəd diqqəti hakimlərin təkcə “Sabah”ın başına açdığı oyunlara yönəltmək deyil. Məsələ azərbaycanlı hakimlərin əksəriyyətinin ya bilərəkdən, ya da bilməyərəkdən yol verdikləri hədsiz səhvlərdir. Bu səhvlər “Sabah”a, elə həmin “Zirə”nin özünə qarşı da olur. Bütün bunları izlədikcə də aydın olur ki, azərbaycanlı hakimlər niyə normal səviyyədə beynəlxalq dərəcəli oyunlara təyinat almırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button