Azərbaycanın daha 4 güləşçisi Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequraya tam üstünlüklə (11:0) qalib gələrək qitə birinciliyinə inamlı start verib. Bağırov daha sonra türkiyəli Burak Yalçını 8:2 hesabıyla məğub edərək yarımfinalına yüksəlib. Vasif erməni Saşa Petrosyanı bükmə fəndiylə üstələyərək finala vəsiqə qazanıb. Finalda rəqib fransalı Rasul Qalburayev olub. Rəqibini “tuşe” ilə məğlub edən Bağırov Avropa çempionu olub.

Camal Abbasov (55 kq) əvvəlcə yunanıstanlı Pavlos Koronidis, ispaniyalı Unay Penas Merino və italiyalı Paskual Liutsi üzərində 10:0 hesablı qələbələrə imza ataraq yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında erməni Artavazd Harutyunyanın kürəyini yerə sıxmaqla təmiz qələbə qazanan güləşçimiz son görüşdə ukraynalı İliya Şketiklə qarşılaşıb. Bükmə fəndini uğurla icra edən Camal Avropa çempionatında ölkəmizə növbəti qızıl medalı qazandırıb.

İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçı, 1/8 finalda isə çexiyalı Maks Bistronu 10:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib. İsayevin növbəti qurbanı rumıniyalı Eduard David Lenard olub – 11:0. İlyas yarımfinalda Fatih Acarla dueldən qalib ayrılaraq (10:2) finalda gürcü Qoqa Otinaşviliyə rəqib olub. Həmkarına 3:0 hesabıyla qalib gələn İsayev baş mükafata sahib çıxıb.

Şəmistan Axundov (80 kq) 1/8 finalda litvalı Daniel Boyçuku vaxtından əvvəl (10:0) məğlub edib. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Slavi Rumenov Stamenovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub – 5:4. Axundov yarımfinalda macar Piter Şombor Jinovskiylə bacarmayıb. Şəmistan bürünc medal uğrunda görüşdə ukraynalı Pavlo Vaskovskini 5:4 hesabıyla üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Yusif Dursunov (110 kq) ilk mərhələdə macarıstanlı Marsel Yuritsanı 9:1, daha sonra isə slovakiyalı David Mionu 10:0 hesabıyla xalçadan məyus yola salıb. Yarımfinalda fransalı Levan Laqvilava üzərində 10:6 hesablı əzmkar qələbə əldə edən Dursunov finala adlayıb. Yusif həlledici görüşdə türkiyəli Taha Yakup Temellə qarşılaşıb. Rəqibini 6:0 hesabıyla məğlub edən Ağstafa güləş məktəbinin yetirməsi Avropa çempionu olub.

Belliklə, sərbəst güləşçilər qitə birinciliyinə möhtəşəm start verərək yarışın sonuna 1 gün qalmış 4 qızıl və 1 bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button